Sosial-iqtisadi vəziyyətin dəyişməsi seçkilərə təsir göstərəcək

AKP parlamentdə daha az səs yığacaq, amma prezident seçkilərində Ərdoğan qalib gələcək

Türkiyədə mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə bağlı rəsmi qərarın 
martın 10-da açıqlanacağı bildirilib. "Cümhur İttifaqı" adı ilə birgə yol qət edən hakim Ədalət və 
İnkişaf Partiyası və Milliyətçi Hərəkat Partiyasının vahid namizədi indiki Prezident Rəcəb 
Tayyib Ərdoğandır. 6 müxalifət partiyasından ibarət seçki blokunun - "Millət İttifaqı"nın isə 
namizədi hələlik açıqlanmayıb. İqtidar düşərgəsi vahid namizədin açıqlanması ilə bağlı 
müxalifətə təzyiq göstərsə də, "altılı masa" kimisə irəli sürməkdə tələsmir. Müxalifət düşərgəsi 
vahid namizədin fevral ayında açıqlana biləcəyini istisna etməyib. Namizədlər arasında ana 
müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun, İstanbul 
bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun və Ankara bələdiyyə rəhbəri Mənsur Yavaşın adı 
hallanır. Lakin Kılıçdaroğlu və İmamoğlunun adı daha çox önə çıxır. Xatırladaq ki, Ərdoğan 
2014-cü və 2018-ci illərdə keçirilən seçkilərdə qalib gələrək, prezident seçilib. 2018-ci il 
seçkisində Ərdoğan 52.5 faiz səs toplayaraq ilk turda qələbə qazanıb. 

  Qardaş ölkədə seçki öncəsi yaşananları "Şərq"ə təhlil edən politoloq Azər Rəşidoğlu deyib ki, 
Türkiyədə sosial-iqtisadi vəziyyətin dəyişməsi seçkilərin nəticələrinə çox ciddi təsir göstərəcək. 
Analitikin sözlərinə görə, nəzərə almaq lazımdır ki, Ərdoğan hakimiyyətinin bir neçə elektoral 
dayağı var idi: 

"Bu dayaqların ən vaciblərindən biri dindar və kasıb təbəqə idi. Hakimiyyətə 
gələndən sonra Ərdoğan və onu dəstəkləyən hakim partiya məhz sosial cəhətdən daha az 
təminatlı kəsimin şəraitini ciddi şəkildə yaxşılaşdırdı. Çoxlu sosial proqramlar həyata 
keçirilməsinə başlandı. Onların icbari tibbi sığorta məsələsi, aztəminatlı ailələrə sosial 
müavinətlər verilməsi, mənzil təminatı və s. sosial problemləri həll olundu. Digər tərəfdən dindar 
qadınların hicabla dövlət müssəsislərində işləməsi və təhsil alması problemi həllini tapdı. 
Bildiyiniz kimi, Ərdoğan hakimiyyətindən əvvəlki dövrlərdə Türkiyədə hicab demək olar ki, 
qadağan idi. Söhbət dövlət və təhsil müəssisələrində hicaba qoyulan məhdudiyyətdən gedir. Yəni 
bu elektoral dayaq Ərdoğan hakimiyyəti üçün çox vacib idi. İndi isə ölkədə inflyasiya, işsizlik 
artır". 

  A.Rəşidoğlu bəyan edib ki, kürd elektoratı Ərdoğanın əleyhinə çıxışlar edir: 

"Məhz İstanbul bələdiyyə seçkilərində kürd elektoratının səsləri AKP-nin məğlubiyyətinə səbəb oldu. Əslində kürdlər CHP-yə deyil, sadəcə Ərdoğanın əleyhinə səs verdilər. Düşünürəm ki, müxalifət  seçkilərdə Kamal Kılıçdaroğlunu vahid namizəd irəli sürə bilər. O, xarizmatik lider deyil, ən  yaxşı halda 30-40 faiz səs yığa bilər. CHP bütün hallarda koalisiya ilə hakimiyyətə gəlməlidir. 
Lakin belə koalisiyalar da uzunömürlü olmur. İstisna deyil ki, AKP parlamentdə daha az səs 
yığacaq, amma prezident seçkilərində Ərdoğan qalib gələcək və çox güman ki, bu, onun son 
seçkisi olacaq".