Bakının Qərb diplomatiyası vəziyyəti dəyişdi

Ermənistan iqtidarlı-müxalifətli reallığı qəbul etməlidir

Özləri demiş, bundan sonra Qarabağda yalnız Azərbaycanın əllərini öpməyə hazır olanlar qalacaq

  "Rusiyanın xarici işlər naziri Sergey Lavrov qəbuledilməz ifadələr işlədib, faktiki olaraq Ermənistanı işğalçı adlandırıb. Ancaq bir “əmma” var, Lavrov heç olmasa, yeddi rayonun işğalından danışır". Erməni politoloq Qagik Ambaryan deyib ki, indiki hökumət isə de-fakto buna bütün Qarabağı da əlavə edir. Onun sözünə görə, Ermənistanda təəssüf ki, hakimiyyətin istifadə etdiyi antierməni tezislərinə lazımi əhəmiyyət vermirlər: 

"Paşinyan hakimiyyəti Qarabağı təslim etməyə hazırdır. Bundan sonra Qarabağda yalnız Azərbaycanın əllərini öpməyə hazır olanlar qalacaq”. Xatırladaq ki, bundan öncə Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Qurgen Arsenyan demişdi ki, Ermənistanda 3 milyona yaxın erməni yaşayır və Qarabağdakı ermənilər naminə əhalini riskə atmaq olmaz: "Türkiyə ilə münasibətlərin normallaşdırılması ölkəsinin milli maraqlarından irəli gəlir. Qorxu və nifrət dolu ifadələr səsləndirməkdən çəkinmək lazımdır, çünki bu tip çıxışlar yalnız ziyan vurur. Arsenyanın açıqlamaları söz davasına səbəb olub, müxaliflər onun çıxışına imkan verməyiblər". 

  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov "Şərq"ə bildirib ki, son vaxtlar Nikol Paşinyan hökumətinin nümayəndələri normallaşma və Qarabağla bağlı müxalifəti "hiddətləndirən" açıqlamalar verirlər. Analitik qeyd edib ki, Ermənistan hakimiyyəti hazırda elə bir siyasi gücə sahib deyil ki, Qarabağ üzərində iddialarını davam etdirsin:

 "Rusiyanın Ukrayna savaşından dolayı düşdüyü vəziyyət, Qərbin bölgədə fəallaşması, rəsmi Bakının Qərbə yönəlik enerji diplomatiyası prosesləri Azərbaycanın xeyrinə dəyişə bilər. Onu da nəzərə alaq ki, Ermənistan daxilində Rusiyayönlü və Qərbyönümlü qüvvələr arasında ziddiyyətlər dərinləşməkdədir. Bütün bunların hamısı İrəvanın siyasi gündəminə təsir göstərən amillərdir. Paşinyan hökuməti anlayır ki, Qarabağı əldə saxlamaq qeyri-mümkündür. Azərbaycan öz siyasətini qətiyyətli şəkildə həyata keçirir. Əslində erməni müxalifəti populizm və hakimiyyətə gəlmək naminə Paşinyana etirazını bildirsə də, dərk edir ki, proses qısa vaxtda yekunlaşmazsa, Ermənistan növbəti fəlakətə yuvarlanacaq. Ermənistan iqtidarlı-müxalifətli reallığı qəbul etmək məcburiyyətindədir".