Ölüm ayağındadır:"Qərbli siyasətçiyə Qərb yardım etməyəcək"

İndi Saakaşvilini Gürcüstan vətəndaşlarından başqa heç kim xilas edə bilməz

  Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin cəzasının təxirə salınması və ya azad edilməsi ilə bağlı vəsatəti təmin etməyib. Hakim Giorgi Arevadze Mixeil Saakaşvilinin həbsdə saxlanılmasına qərar verib.
  Mixeil Saakaşvili iclasdan sonra etdiyi feysbuk paylaşımında məhkəmənin qərarını özünün “ölüm hökmü” adlandırıb və ölümcül xəstəliklərlə həbsdə saxlanılacağını qeyd edib.

Saakaşvilinin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini deyiblər. Vəkil Şalva Xaçapuridze Saakaşvilinin həbsdə saxlanılması qərarının siyasi mahiyyət daşıdığını və mübarizənin dayandırılmayacağını qeyd edib. Ölkənin keçmiş Prezidenti Mixeil Saakaşvilinin təsis etdiyi Gürcüstanın Vahid Milli Hərəkat Partiyası (UNM) Parlamentdəki fəaliyyətini dayandıraraq fövqəladə rejimə keçdiyini elan edib. Sədr Levan Xabeişvili hakim "Gürcü Arzusu Demokratik Gürcüstan" Partiyasının nümayəndələrinə müraciət edərək, "Sizin qayğısız həyatınız bitdi", - deyib.

  Politoloq Elçin Xalidbəyli "Şərq"ə bildirib ki, keçmiş Prezident Mixeil Saakaşvili Gürcüstan dövləti və xalqı qarşısında böyük xidmətləri olan önəmli bir siyasətçidir. Analitik qeyd edib ki, Gürcüstan əhalisi ölkəyə bir çox yenilikləri və fərqli modern siyasi idarəçilik sistemini gətirmiş Saakaşvilinin dəyərini bilməlidir: 

"Vaxtilə Gürcüstan üçün əlindən gələn hər şeyi etmiş bu siyasətçini müdafiə etməlidir.

  Çünki hazırda belə görünür ki, Mixeil Saakaşvilini Gürcüstan vətəndaşlarından başqa heç kim xilas edə bilməz. M.Saakaşvili Qərb yönümlü siyasətçi kimi hakimiyyətə gəlmişdi. Gürcüstanı Rusiyadan uzaqlaşdırıb, Qərbə doğru yaxınlaşdırmışdı. Ona görə də Gürcüstan M.Saakaşvilinin hakimiyyəti dövründə ABŞ və Qərbin Cənubi Qafqazdakı ən yaxın və etibarlı strateji tərəfdaşı hesab olunurdu. Ancaq indi ABŞ və Qərbin ən yaxın regional dostu olan M.Saakaşvilinin həyatı təhlükədədir. Onun Amerika və Qərbin dəstəyinə, müdafiəsinə ehtiyacı var. Və yəqin ki, o, belə bir dəstəyi böyük ümidlə gözləyir. Buna baxmayaraq, Amerika və Qərb bir neçə "növbətçi bəyanat" istisna olmaqla, susur. Belə anlaşılır ki, ABŞ və Qərbin həyatı təhlükədə olan M.Saakaşviləyə yardım etmək niyyəti yoxdur. Ona görə də ABŞ və Qərbin M.Saakaşvilini müdafiə edəcəyi artıq o qədər də inandırıcı görünmür".

  Ekspert vurğulayıb ki, əslində, bu, o qədər də təəccüblü deyil. Çünki ABŞ və Qərbin dostları yoxdur, yalnız strateji maraqları var: 

"Həmin strateji maraqları təmin etmək üçün hər kəsdən istifadə edirlər. Ancaq sonradan istifadə etdikləri siyasətçilərin taleyi ABŞ və Qərbi qətiyyən düşündürmür və narahat etmir. ABŞ və Qərb M.Saakaşvili kimi siyasətçiləri istifadə edib, sonra da bir kənara atırlar, əvəzində istifadə edəcəkləri yenilərini tapırlar. Ona görə də indi ABŞ və Qərb M.Saakaşvilinin taleyinə belə biganə yanaşır. Görünən odur ki, ABŞ və Qərb M.Saakaşvilini taleyin ümidinə buraxıb. Ona görə də Qərb siyasi dairələrinin M.Saakaşvili ilə bağlı Gürcüstan hakimiyyətinə hansısa təzyiqlər göstərəcəkləri hazırda qətiyyən inandırıcı görünmür".