Gürcüstan hökuməti geri çəkildi

Vətəndaş cəmiyyəti vaxtında addım atmağı bacardı

 "Gürcü Arzusu" buna getsəydi, hakimiyyətin sonu Şevardnadze hökuməti kimi olardı


  Gürcüstan Parlamentinin birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləməsi qonşu ölkədə genişmiqyaslı etirazlara səbəb oldu. Yüzlərlə nümayişçi saxlanıldı, polislə qarşıdurma yaşandı. Çünki qanun layihəsində KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilirdi. 

Qanuna əsasən, illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan əldə edən, dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər hər ilin yanvar ayında Gürcüstandakı “xarici təsir agenti” kimi reyestrdən keçməli olacaqlar. Reyestrdən keçməyənlər cərimə ediləcəklər. Hüquqşünaslar qanun layihəsinin qəbul ediləcəyi təqdirdə Gürcüstanda söz və mətbuat azadlığını məhdudlaşdıracağını, ölkənin Avro-Atlantik inteqrasiyasının qarşısını alacağını bildirirdilər.

ABŞ, Avropa İttifaqı, BMT və Gürcüstanın bir sıra beynəlxalq tərəfdaşları da qanun layihəsini ciddi tənqid edirdilər. Əhalinin və beynəlxalq aləmin etirazları nəticəsiz qalmayıb. Parlament “xarici agentlər” haqqında qanunu geri götürüb. Vurğulanıb ki, qəbul edilən qanun layihəsi cəmiyyətdə ciddi fikir ayrılıqlarına səbəb olub. Həmçinin diqqətə çatdırılıb k, "yalan maşını" qanun layihəsini mənfi tərəfdən təqdim edərək ictimaiyyətin müəyyən hissəsini çaşdırıb: "Qanun layihəsinə saxta “Rusiya qanunu” damğası vurulub və onun birinci oxunuşda qəbul edilməsi ictimaiyyətin bir hissəsinin gözündə ölkənin Avropa kursundan uzaqlaşması kimi qəbul edilib. Bundan başqa, radikal qüvvələr gənclərin bir hissəsini qanunsuz fəaliyyətə cəlb ediblər. Biz ölkəmizdə sülh, əmin-amanlıq və iqtisadi inkişafa, eləcə də Gürcüstanın Avropaya inteqrasiya yolunda irəliləməsinə diqqətli olmalıyıq. Ona görə də həmvətənlərimizin enerjisini qarşıdurmaya deyil, ölkənin düzgün istiqamətdə inkişafına sərf etmək lazımdır. Bütün yuxarıda deyilənləri nəzərə alaraq dəstəklədiyimiz qanun layihəsini qeyd-şərtsiz geri götürmək qərarına gəlmişik". Xatırladaq ki, bundan əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirmiş, qanuna veto qoyacağını vəd etmişdi. Hadisələrdən sonra Gürcüstan Parlamentinin plenar sessiyaları ləğv edilib. Mövcud vəziyyətlə əlaqədar Parlamentdə məhdudlaşdırılmış giriş rejimi tətbiq olunub. Deputatların, akkreditasiyadan keçmiş media nümayəndələrinin və ziyarətçilərin binaya daxil olması məhdudlaşdırılıb.

  "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətov deyib ki, hazırda Gürcüstanda hakimiyyətdə olan siyasi güc milyarder Bidzina İvanaşvilinin əsas dəstək verdiyi partiyadır. Analitik bildirib ki, bu məqama görə, birbaşa olmasa da, dolayı yolla "Gürcü Arzusu" hökuməti Rusiyayönümlü qüvvə kimi dəyərləndirilir: 

""Xarici agentlər haqqında" qanun layihəsinin analoqonun Rusiyada qəbul olunması və bundan sonra ölkə parlamentində gündəmə gətirilməsi cəmiyyətdə heç vaxt birmənalı qarşılana bilməzdi. Nəzərə alaq ki, son dövrlər Qərb ölkələri Gürcüstana daha çox fokuslanmağa başlayıblar. Belə bir qanun layihəsi Qərb ölkələri ilə işləyən vətəndaş cəmiyyətlərinə və media subyektlərinə "divan tutmaq" üçün ortaya atılmışdı. Vətəndaş cəmiyyəti vaxtında addım atmağı bacardı. Sonradan ciddi problemlərlə, təzyiqlərlə üzləşməmək üçün öncədən tədbirlərini aldılar və genişmiqyaslı etirazlara nail oldular. Onsuz da Qərb ölkələri Gürcüstan hökumətinin, ölkə rəhbərliyinin belə bir qanunun qəbuluna, təsdiqlənməsinə qətiyyən imkan verməzdi. Çünki ilk növbədə mürtəce qanun layihəsidir. 

Nəzərə alaq ki, Gürcüstanın təbii sərvətləri yoxdur və cəmiyyətin əksər hissəsi məhz xaricdən gələn qrantlar və maliyyə dəstəyi hesabına fəaliyyət göstərir. Bu hal vətəndaş cəmiyyəti ilə yanaşı, bəzi investisiya korporasiyalarına da aiddir. İndiki məqamda Gürcüstanda belə məsələnin gündəmə gəlməsi İvanaşvilinin rusyönlü hakimiyyətə verdiyi təlimatla bağlıdır. 

Təbii ki, İvanaşivili də təlimatı Kremldən alıb. Əgər "Gürcü Arzusu" buna getsəydi, hakimiyyətin sonu E.Şevardnadze hökuməti kimi olardı. Gürcüstan cəmiyyətində Qərbə sadiq olan qüvvələr kifayət qədərdir və onlar indiki hakimiyyətə alternativ ola bilər. Vaxtı ilə Şevardnadzeyə qarşı Mixail Saakaşvilini çıxarmışdılar".