ABŞ sülh prosesində Brüsseli dəstəkləyir

Ancaq bunun özü Vaşinqtonun sülh tərəfdarı olduğunu göstərir

“Əgər ABŞ və ya Aİ sülh sazişinin imzalanmasına nail olsa, bölgədə Rusiyanın təsiri azalacaq”

 
  ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun  bölgəyə səfəri yekunlaşıb. O, Bakıda Prezident İlham Əliyevlə, İrəvanda Baş nazir Nikol Paşinyanla görüşüb, fikir mübadiləsi aparıb. Bono görüşləri bitirdikdən sonra “Azərbaycanla Ermənistanın sülh müqaviləsinin mətnini özlərinin hazırlamasını istəyirik” fikrini səsləndirib. Birbaşa dialoq nəticəsində müsbət nəticə əldə olunacağı qənaətində olduğunu deyib: “Çünki hər hansı uzunmüddətli, davamlı və balanslı sülh yalnız hər iki tərəfin səyləri ilə mümkündür”. Ekspertlərə görə, Vaşinqton Bononun diliylə Bakı ilə İrəvana vasitəçi olmadan dialoqu genişləndirməyi təklif edib. Hazırda 3 vasitəçi var - Moskva, Brüssel və Vaşinqton. 

  Politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, ABŞ bölgədə hansı ölkənin təxribata əl atdığını, gərginlikdə maraqlı olduğunu çox yaxşı bilir. Ekspert vurğulayıb ki, tərəfləri sakitliyə, sülhə səsləyən Amerika və Avropa rəsmilərinin Bakıya səfərlərini Azərbaycana dəstək kimi dəyərləndirmək olar: "Ən azından sülh prosesinə dəstək kimi xarakterizə etmək olar ki, elə rəsmi Bakının da əsas istəyi bölgədə sülhün bərqərar olmasıdır. Hazırda bir sıra dövlətlərin davranışlarından görünür ki, onlar regionda münaqişəyə, qanlı müharibəyə meyillidir. Onlardan biri sərhəd qonşumuz İrandır. Tehran rejiminin bütün hərəkətləri ilə təxribata çalışdığı göz önündədir. Qarabağdakı təxribatların arxasında isə Rusiya dayanır. Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycana səfərindən sonra bəlli oldu ki, Moskva ilə Bakının mövqeləri üst-üstə düşmür. Qarabağda vəziyyətin gərgin qalmasında Kremlin də marağı var. Moskva hansısa formada Azərbaycanı Ermənistan, yaxud İranla toqquşdurmaq niyyətindədir. ABŞ öz nümayəndəsini regiona göndərərək bu meyillərin qarşısını almağa çalışır. Eyni zamanda bölgədə öz ağırlığını göstərməyə çalışır. Düzdür, ABŞ sülh prosesində birbaşa iştirak etmir və Brüsseli dəstəkləyir. Ancaq bunun özü Vaşinqtonun sülh tərəfdarı olduğunu göstərir. Əgər ABŞ və ya Aİ prosesi irəli apara bilsə, sülh sazişinin imzalanmasına nail olsa, bölgədə Rusiyanın təsiri azalacaq. Moskvanı da qorxudan budur".