Ərdoğanın vasitəçiliyi baş tutmayacaq

Rusiya və Ukrayna arasında diplomatik danışıqlar mümkün görünmür

“Rusiya beynəlxalq hüquq çərçivəsində danışıqlarda maraqlı olmadığına görə iki ölkə arasında müharibə ancaq və ancaq döyüş meydanında həll ediləcək”


  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprel ayında İstanbulda Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək istəyir. Bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Çağrı Erhan bəyan edib. Erhan vurğulayıb ki, Ərdoğanın bu cür danışıqları təşkil edib-etməyəcəyini mühakimə etmək indiki məqamda olduqca çətindir: 

“Bunu etmək çətindir, çünki Türkiyə Prezidenti hərbi əməliyyatları davam etdirməyə çalışan və Rusiya Federasiyası ilə istənilən danışıqlara qarşı çıxan ABŞ və Böyük Britaniyanın təzyiqi altındadır”. Onun sözlərinə görə, Türkiyə tərəfinin əsas missiyası Putin və Zelenskinin xarici müdaxilə olmadan, heç olmasa, bir dəfə görüşməsi və birbaşa danışması üçün şərait yaratmaqdır.

  Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə isə "Şərq"ə açıqlamasında bildirib ki, Türkiyə lideri R.T.Ərdoğanın vasitəçiliyi mümkün olmayacaq. Analitik deyib ki, İsrail və Səudiyyə Ərəbistanı da Ukrayna-Rusiya arasında vasitəçilik təklifi ilə çıxış edib:

"Ümumiyyətlə, Rusiya və Ukrayna arasında diplomatik danışıqlar mümkün görünmür. Türkiyənin vasitəçiliyi baş tutmayacaq. Rusiya beynəlxalq hüquq çərçivəsində danışıqlarda maraqlı olmadığına görə iki ölkə arasında müharibə ancaq və ancaq döyüş meydanında həll ediləcək. Ukrayna Prezidenti V.Zelenski dəfələrlə bəyan edib ki, Vladimir Putinlə görüşməyəcək. Təbii ki, Putin də belə bir görüşdə qəti maraqlı deyil. 

Ona görə də cənab Ərdoğanın vasitəçiliyi mümkünsüzdür. Görünən odur ki, tərəflər arasında müharibə yaz aylarında yeni mərhələyə keçəcək. Ukraynanın əks-hücumlarının məqsədi də müharibədə ciddi dönüş etməkdir. O səbəbdən nə Qərb, nə də Rusiya danışıqlar masası arxasına keçməyə tələsir".