Türkiyə xalqı iki seçim arasındadır

Ya daha güclü bir Türkiyəyə, ya da Qərbin qarşısında əl bağlayan müti bir dövlətə səs verməlidirlər

"Bəzi seçki sorğularının nəticələrində Kılıçdaroğlunun səs faizində artımın qeyd olunması inandırıcı deyil”


  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin tarixi ilə bağlı qərar imzalayıb. Qərara əsasən, ölkədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək. Ərdoğan bildirib ki, sabahdan, yəni martın 11-dən etibarən seçki mərhələsi başlayacaq: "Qərarın xalq və siyasi elita üçün uğurlu olacağına ümid edirəm. Seçkilərin mayın 14-də keçirilməsi ilə bağlı xeyli əvvəldən xalqa məlumat vermişdik. Seçkilərin iyunun 18-də keçirilməməsinin bir sıra obyektiv səbəbləri var. 

Bunlardan biri də iyunda Həcc ziyarətinin başlamasıdır. Ona görə də seçkilərin tarixini qabağa çəkdik”. Ərdoğan deyib ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçki kampaniyasında zəlzələ ilə bağlı musiqi istifadə etməyəcək. Onun sözlərinə görə, namizəd kimi qeydə alınmaq üçün müraciət edənlərin ödədiyi rüsum isə AFAD-ın zəlzələnin fəsadlarının aradan qaldırılması üçün nəzərdə tutulmuş bank hesablarına ianə kimi köçürüləcək. Ali Seçki Şurası isə məlumat yayıb ki, prezident və parlament seçkilərinin mayın 14-də keçiriləcək birinci turu nəticəsiz qalarsa, ikinci tur mayın 28-də baş tutacaq. 

  Qeyd edək ki, 6 mart tarixində “Millət İttifaqı”nın toplantısından sonra Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu müxalifətin vahid namizədi elan olunub. İYİ Partiya sədri Meral Akşener Kılıçdaroğlunun namizədliyinə qarşı çıxaraq "altılı masa"dan ayrılsa da, bir gün keçməmiş yenidən masaya qayıtdı və CHP sədrini dəstəklədi. Kılıçdaroğlunun namizədliyi kürdlərin çoxluq təşkil etdiyi Xalqların Demokratik Partiyası (HDP) tərəfindən də müsbət rəy alıb. Partiyanın həmsədri Mithat Sancar Kılıçdaroğlunun namizədliyini dəstəklədiklərini bildirib: "Cənab Kılıçdaroğlunun namizədliyi xeyirli olsun. Qərargahımızda bu məsələləri müzakirə etmək üçün onun ziyarətini gözləyirik”. O, partiyanın seçkiyə başqa namizəd çıxarmayacağını söyləyib. Bundan sonra hazırda həbsdə olan sabiq HDP həmsədri Selahettin Demirtaş tviter səhifəsində Sancarın açıqlamasını paylaşaraq CHP liderinə dəstəyini ifadə edib. HDP-nin Kılıçdaroğluna dəstək verməsi Türkiyənin siyasi səhnəsində birmənalı qarşılanmayıb. CHP-li deputat Atilla Sertel isə deyib ki, onlar kimin səs verib-verməyəcəyinə qarışa bilməzlər: "Bizə səs verərlərsə, qəbulumuzdur. Hamı seçimi qazanmaq üçün yola çıxıb”. 

  Türkiyədə seçki öncəsi yaşanan gərgin prosesləri "Şərq"ə dəyərləndirən Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri deyib ki, İYİ Partiya sədri Meral Akşenerin Kılıçdaroğlunun namizədliyi ilə bağlı bir gündə fikir dəyişdirməsi heç də aparılan hansısa ciddi müzakirələrin nəticəsi deyil. Politoloq vurğulayıb ki, əslində Akşener də yaxşı bilir ki, Kılıçdaroğlu qeyri-ciddi, səhər dediyini axşam inkar edən bir siyasətçidir: 

"İYİ Partiya sədri Meral Akşener CHP rəhbərinin vahid namizəd olmasına qarşı çıxırdı. Hesab edirdi ki, dünyada özünü güc mərkəzi kimi təsdiqləmiş 80 milyonluq bir ölkənin idarəsini Kılıçdaroğluna vermək olmaz. Bunu Türkiyə adına həqarət kimi görürdü. Deməli, Akşenerin ani razılığının arxasında başqa məqamlar var və həmin məqamlar Türkiyə xaricindədir. Kılıçdaroğlu seçiminə məcburi razılıq verənlər "altılı masa"nın kənar qurucuları, onlara təlimat verənlərdir. Konkret olaraq ABŞ FETÖ təşkilatının əliylə "altılı masa"ya yön verir. PKK-nın siyasi qolu sayılan HDP həmsədrlərinin CHP sədri Kamal Kılıçdaroğlunu dəstəkləməsi də buna dəlalət edir. Hədəf sadəcə AKP-ni, Ərdoğanı deyil, Türkiyəni devirməkdir. Ərdoğanı hakimiyyətdən uzaqlaşdıraraq "demokratiya", "böhran" və s. bəhanələrlə idarəolunan bir Türkiyəni geri gətirməkdir. Prezident üsul-idarəsinin ortadan qaldırılaraq yenidən parlamentli idarə formasının təsis olunması təklifi də prosesin tərkib hissəsidir. Ancaq unutmayaq ki, Türkiyə sırf koalisyon hökumətlər zamanı asanlıqla idarə olunub. Ona görə də Türkiyə xalqı iki seçim arasındadır. Ya daha güclü bir Türkiyəyə, ya da Qərbin qarşısında əl bağlayan müti bir dövlətə səs verməlidirlər".

  N.Miri vurğulayıb ki, əslində başda ABŞ olmaqla Qərb ölkələri Ərdoğana alternativ, seçilmə şansı digərlərindən daha çox olan fərqli namizədlərin ön plana çıxmasında maraqlı idi: 

"Akşener bunu bildiyi üçün sona qədər dirəndi və bələdiyyə sədrləri - Əkrəm İmamoğlu və Mansur Yavaşı irəli sürdü. Ancaq İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu və Ankara bələdiyyə rəhbəri Mansur Yavaş öz sədrlərini dəstəklədilər. Qeyd edim ki, onlar barəsində də cəmiyyətdə birmənalı fikir yoxdur. İmamoğlunun İstanbul, o cümlədən Yavaşın Ankara üçün faydalı heç nə etmədiyi vurğulanır. Belə məqamda Kılıçdaroğlu axıra qədər dirəniş göstərdi. Kənar qüvvələr müxalif düşərgədə parçalanma yaşanmaması üçün CHP sədrinin vahid namizəd olmasına razılıq verməyə məcbur qaldılar. Sirr deyil ki, Kılıçdaroğlu Amerika səfərində uğursuzluğa düçar olmuşdu. Ona açıq-aşkar deyilmişdi ki, seçkidə alternativ namizəd irəli sürülməlidir. Lakin CHP sədri və yaxın adamları anlayırdı ki, budəfəki seçki onlar üçün son şansdır. Bu imkanı əldən vermədilər. Hesab edirlər ki, "altılı masa" və HDP Ərdoğan maneəsini rahatlıqla aşa biləcəklər". 

  Analitik seçki öncəsi keçirilən anket nəticələri haqqında da danışıb: 

"Bəzi seçki sorğularının nəticələrində Kılıçdaroğlunun səs faizində artımın qeyd olunması inandırıcı deyil. Əksinə, daha çox səs itkisi olduğunu ehtimal edirəm. Çünki "altılı masa"nın vahid namizədi və onun rəhbərlik etdiyi CHP-nin yeni Türkiyə ilə bağlı heç bir konseptual proqramı, konsepsiyası yoxdur. Aylardır söz oyunları və manipulyasiya ilə məşğul olurlar. Bəzi şirkətlər seçki anketləri ilə ictimai rəyi çaşdırmağa çalışırlar. Amma türk xalqı baş verənləri yaxından izləyir və reallıqları dərk edir".