Putini Ermənistanda həbs etmək asan məsələ deyil - ŞƏRH


Çünki Parlamentdə müxaliflərin, rusyönlü deputatların sayı kifayət qədərdir


  Rusiya hökuməti Prezident Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasını qəbul edən Ermənistana sərt xəbərdarlıq edib. Xatırladaq ki, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statusunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş Ermənistan Parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb. 

Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, Ermənistanın Konstitusiya Məhkəməsi Roma statusunun ölkə Konstitusiyasına uyğunsuzluğu barədə qərar qəbul edib. Qeyd edək ki, Ermənistan bu statutu 1998-ci ildə imzalasa da, indiyədək ratifikasiya etməyib. 2004-cü ildə Ermənistanın Konstitusiya Məhkəməsi bu sənədi ölkə Konstitusiyasına zidd adlandırıb. Daha sonra Konstitusiyaya iki dəfə düzəliş edilib və bununla bağlı Nikol Paşinyan hökuməti məsələni yenidən qaldırıb. Yəni hazırda Ermənistanın qarşısında Məhkəmənin yurisdiksiyasının tanınması üçün heç bir maneə yoxdur. Erməni deputat Qagik Melkonyan da deyib ki, Putin ölkəyə gələrsə, Ermənistan onu həbs etməli olacaq. Onun sözlərinə görə, Roma Statusu ratifikasiya olunarsa, İrəvan bunu etməli olacaq: “İrəvana səfər edəcəyi təqdirdə Rusiya dövlətinin başçısı həbs oluna bilər”.

  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Şərq"ə bildirib ki, Ermənistanın bu statusu təsdiq etməsi ondan xəbər verir ki, İrəvan hökuməti Qərblə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Analitikin sözlərinə görə, Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər Roma statusu Parlamentdə ratifikasiya olunarsa və hökumət rəsmən tanıyarsa, Rusiya ilə əlaqələr çox ciddi zərbə alacaq: 

"Rusiya ultimatum xarakterli açıqlama verib. Amma Ermənistan tərəfində ratifikasiya ilə bağlı fikirlər səslənirsə, deməli, Paşinyan hökumətinin Qərbə meyillənməsi strategiyası dərinləşməkdədir. Ancaq düşünürəm ki, indiki məqamda Roma statusunu Ermənistana təsdiqlətmək heç də asan məsələ deyil. Çünki Parlamentdə müxaliflərin, rusyönlü deputatların, "Qarabağ klanı"na yaxın olanların sayı kifayət qədərdir. Onların hamısı birmənalı şəkildə hökumətə qarşı addım atacaqlar. Problem ondadır ki, Paşinyan komandasının tərkibində də rusiyayönümlü şəxslər var. Hakimiyyətdə olanların hamısı qərbyönlü deyil. O baxımdan Kreml müəyyən təzyiqlərlə Roma statusu məsələsini uzada bilər. Ermənistan özü də sənədin təsdiqlənməsini müəyyən dövrədək təxirə sala bilər. Ən azından Rusiya-Ukrayna müharibəsinin nəticəsi tam aydınlaşanadək prosesi yubatmağa çalışar. Lakin Qərb həmin qərarın qüvvəyə minməsində maraqlıdırsa, gec-tez Ermənistanı onu təsdiqləməyə məcbur edəcək. Paşinyanı seçim qarşısında qoyaraq, ya Rusiya, ya Qərb deyə bilərlər. Rusiyanın reaksiyasının necə olacağı isə qərardan sonra bəlli olacaq".