İsrail anti-İran koalisiyasında Azərbaycanı da görmək istəyir

Lakin rəsmi Bakının siyasəti İrana qarşı cəbhə almaqdan uzaqdır

  “İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir”. Bunu İsrailin xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra deyib. İsrailin XİN başçısı bildirib ki, İran rejimi hər iki ölkənin yerləşdiyi regionları, maliyyə imkanlarını, turizmi təhdid edir və bütün Yaxın Şərqdə sabitliyi pozur: "İranın nüvə potensialını inkişaf etdirməsinin qarşısını almaq üçün birlikdə hərəkət etməliyik. Bunun üçün həm siyasi, iqtisadi alətlərdən istifadə etmək, həm də etibarlı və güclü hərbi qüvvələr formalaşdırmaq lazımdır”.
Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, İsrailin anti-İran koalisiyası yaratmağa çalışdığı sirr deyil.

Hazırda Netanyahunun beynəlxalq koalisiya yaratmaq cəhdləri hələki nəticə vermir: "Avropada müəyyən bəyanatlar verilsə də, prosesin praktiki mərhələyə keçidi olmadı. Hətta ABŞ-də belə İrana hərbi müdaxilə ilə bağlı tərəddüdlər var. İsraildə baş verənlərin arxasında müəyyən mənada bu məqamın da olduğu hiss edilir və məsələyə Trampın Baydenə, həm də Sorosa qarşı mövqeyi ilə Netanyahunun Baydenə qarşı çıxışı kontekstində də baxmaq olar. Bu, başqa mövzudur. 

İsrailin anti-İran koalisiyasında Azərbaycanı da görmək istəyi  bəllidir. Lakin rəsmi Bakının siyasəti İrana qarşı cəbhə almaqdan uzaqdır. Ceyhun Bayramovun İsraillə yanaşı, Fələstinə də səfər etməsi Azərbaycanın təkcə balanslaşdırılmış yox, həm də müstəqil xarici siyasi xəttinin davamıdır. Hərçənd burada İsrailin nə istədiyi, yaxud Bakının hansı siyasəti yürüdəcəyi yox, İranın sərgilədiyi mövqe həlledicidir. 

Tehran rejiminin mövcud siyasəti deməyə əsas verir ki, İrana hərbi müdaxilə baş verərsə, biz bu koalisiyaya qoşulmasaq belə onların hücum edəcəyi ilk ölkə Azərbaycan olacaq".