"Azərbaycan-Çin münasibətləri milli maraqlarımız baxımından  əhəmiyyətlidir” - Politoloq

Çin hazırda dünyanın ən önəmli siyasi və iqtisadi güc mərkəzlərindən biridir. İqtisadi imkanlarını durmadan artırması Çinin dünyada siyasi təsir imkanlarının da genişlənməsinə səbəb olur. Həmçinin Çin tarixi Böyük İpək Yolu layihəsi ilə Qərblə əlaqələrini daha da inkişaf etdirib. Azərbaycanın Çin ilə münasibətləri hər zaman yüksək səviyyədə olub. Çin ölkəmizin həm iqtisadi potensialına, həm də geostrateji mövqeyinə daim maraq göstərib.

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov açıqlamasında söyləyib.

“Bu gün Böyük İpək Yolu, Çinin marağında olan Orta Dəhliz layihəsi Azərbaycan olmadan əsla mümkün deyil. Həmçinin tezliklə reallaşacaq olan Zəngəzur dəhlizi Çinin layihələrində kilid həlqələrdən biri rolunu oynayır. Bundan başqa, Çinin Avrasiya məkanında geniş iqtisadi və siyasi potensialı Azərbaycanın bu ölkə ilə əlaqələrini gücləndirməyi daha da labüd edir. Yeni dünya düzənində Çin həm güclü iqtisadiyyatı, həm də siyasi iradəsi ilə daha böyük rol oynayacağı şübhəsizdir. Bu səbəbdən də Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir”, - deyə T.İsmayılov vurğulayıb.

Politoloq bildirib ki, Çin Azərbaycan torpaqlarının işğal edilməsinə hər zaman qarşı çıxıb. Həmçinin Qarabağın işğaldan azad olunması məsələsində Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyib. Eyni zamanda, Cənubi Qafqazla bağlı bütün siyasi layihələrin müzakirəsində, proqnozlaşdırılmasında Çin Azərbaycanın sözünə hörmət edib və ölkəmizin mövqeyindən çıxış edib. Bu baxımdan Ermənistana yanaşmada və münasibətdə də Çin Azərbaycanın haqlı mövqeyini dəstəkləyib.

O bildirib ki, Çin, eyni zamanda, beynəlxalq arenada bir qütblülüyün bərqərar olmamasının əsas qarantıdır. Bir hegemon mərkəzdən qəbul olunan ədalətsiz qərarların qarşısında dayanan ölkələrdən biri də məhz Çindir.