İran parlamenti xirtdəyədək çamura bulaşıb

Saxta “müsəlman həmrəyliyi” təbliğatı ifşa olunduqca molla rejimi daha da aqressivləşir

  İran parlamenti İsraildə səfirlik açdığı üçün 210 səslə Azərbaycana qarşı bəyanat qəbul edib. Bəyanatda səfirliyin açılmasının mənfi siyasi nəticələrinin olacağı bildirilib. Eyni zamanda XİN-ə bununla bağlı addımlar atmaq tövsiyə edilib. Sənədi qəbul edən vəkillər Azərbaycanın Fələstində nümayəndəlik açmasını bilərəkdən görməzdən gəliblər. Üstəlik, dünya müsəlmanlarının ölkəmizi məzlum fələstinlilərin qətli və cinayətində İsrailin şəriki hesab edəcəyini vurğulayıblar. Onlar, eyni zamanda İsraildə səfirlik açılmasını “məzlum Fələstinin fundamental hüquqlarının” pozulması kimi qələmə verib və bütün müsəlman ölkələrini, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatını bu addımı qınamağa çağırıblar. 

  Siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, “İran” adlanan ölkənin Azərbaycan Respublikasına qarşı hücumları səngimək bilmir. Analitikin sözlərinə görə, çoxüzlü və riyakar mahiyyəti, fitnəkarlığı, saxta “müsəlman həmrəyliyi” təbliğatı ifşa olunduqca molla rejimi daha da aqressivləşir:

 "Rejimin parlamenti xirtdəyədək bulaşdığı çamurun fərqinə varmadan ölkəmiz əleyhinə “bəyanat” qəbul edib. Müsəlmanların üz qarası olan molla rejiminin deputatları utanıb-qızarmadan, özlərinə xas “bəlağətli” və qıpqırmızı cümlələrlə Azərbaycanı İsraildə səfirlik açdığına görə ittiham ediblər. Sən demə, biz “məzlum fələstinlilərin haqqına girmişik”. Molla rejiminin ermənilərlə bağlı “qırmızı xətt”lərinin çox olduğunu bilirik. Amma əgər “İran” adlanan ölkənin leksikonunda həyasızlığın “qırmızı xətt”i deyilən bir anlayış varsa, o zaman bu “bəyanat” adlanan kağız parçası “qırmızı xətt”i nəinki adlayıb, hətta min kilometrlərlə geridə buraxıb.

 İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində Ermənistanın təcavüzünü, azərbaycanlılara məxsus dini və mədəni abidələrin dağıdılmasını, ermənilərin vandalizm və etnik təmizləmə siyasətini pisləyib, Xocalı soyqırımını tanıyıb. Amma molla rejiminin təmsilçiləri işğalçılarla ortaq mədəniyyətə, dəyərlərə sahib olduqlarını bildiriblər. Xocalı qatilləri ilə öpüşüb-görüşüb, qanlı əllərini ikiəlli sıxıblar. Müsəlman azərbaycanlıların qanına susamış ermənilərə “qardaş” deyiblər. Azərbaycan torpaqlarının erməni tapdağında olduğu dövrdə bircə dəfə də olsun molla rejiminin parlamentinin müsəlman azərbaycanlıların müdafiəsinə qalxdığının şahidi olmadıq. Tehranda, Rəştdə qondarma erməni soyqırımına abidələr ucaldığı, hər il uydurma qətliamın “ildönümü”nün qeyd olunmasına şərait yaradıldığı halda Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə belə imkan tanımayıb".

  Ekspertin sözlərinə görə, əgər molla rejiminin sözdə “parlament üzvləri” adlanan şər və böhtan püskürücüləri bu qədər cəsarətlidirlərsə, öz hökumətlərinin üzvlərinə və dini-siyasi rəhbərlərinə müraciət etsinlər". Desinlər ki, “Ay ağaye filankəslər, Ermənistana təzyiq göstərin ki, bu müqəddəs Ramazan günlərində müsəlman azərbaycanlıların İrəvandakı Göy Məscidə getmələrini, Qərbi azərbaycanlıların öz evlərinə qayıtmaları təmin edilsin. İndiki Ermənistan ərazisində, tarixi Azərbaycan torpaqlarında müsəlman azərbaycanlılara məxsus dağıdılmış məscidlər, tarixi və mədəni abidələr, ziyarətgahlar bərpa olunsun". Edə bilməzsinizsə, o zaman boş-boşuna danışmayın".