Devirmək istəyirlər: Paşinyanın sülh əlini Kreml tutub

Baş nazirin Putinə zəngi təsadüfi deyil

Ermənistanda baş nazirə qarşı etirazların təlimatının Moskvadan gəldiyi hər kəsə məlumdur

  Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Qarabağ ətrafında mövcud vəziyyətin müxtəlif aspektlərinin müzakirəsi davam etdirilib: “Bu kontekstdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə əsas sazişlərin ardıcıl şəkildə həyata keçirilməsinin, o cümlədən Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin və sabitliyin təmin edilməsi, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması ilə bağlı məsələlərin vacibliyi bir daha təsdiqlənib. Bundan əlavə, danışıqlar zamanı ikitərəfli münasibətlərin bəzi aktual məsələlərinə toxunulub. Ekspertlərə görə, son günlər İrəvan-Moskva arasında yaşanan gərginlik, o cümlədən Ermənistanda hökumətə qarşı baş verən etirazlar fonunda Paşinyanın Kreml rəhbərinə zəngi təsadüfi, yəni sıradan telefon əlaqəsi deyil. Çünki Ermənistanda baş nazirə qarşı etirazlarla bağlı təlimatın Moskvadan gəldiyi iddia olunurdu. 

  Politoloq Azər Qasımov "Şərq"ə bildirib ki, Putin-Paşinyan danışıqları barədə mətbuata verilən rəsmi məlumatda həmişəki kimi eyni sözlər, fikirlər səsləndirilib, görüşlərin xronologiyası yada salınıb. Elə fikir yaranır ki, guya, Rusiya məsələnin həll olunmasını istəyir, amma Ermənistan buna mane olur: "Əlbəttə, belə görüşlərin hansısa nəticə verəcəyinə inanmaq sadəlövhlükdür. Görünən odur ki, Ermənistan hökumətinə qarşı etirazların Moskvadan qaynaqlandığı hamı kimi Paşinyana da məlumdur. Paşinyan da Putinə zəng etməklə ondan nə istədiyini, daha doğrusu, nə etməli olduğunu soruşub ki, Kremlin baş nazirlə işi olmasın. Baş nazirin Putinə zəngi göstərir ki, etirazlardan ciddi narahat olub. Məsələ ondadır ki, son günlər Qərbin vasitəçiliyi ilə Azərbaycanla sülh məsələsində ciddi addımların atılacağı barədə xəbərləri yayılır. Sərhəddə yüksək çinli zabitlərin görüşü keçirilib. Ermənistandakı etirazların bununla bağlı olduğu deyilir. Kreml Azərbaycan və Ermənistan arasında sülhdə maraqlı deyil. Xüsusən də, Qərbin vasitəçiliyi ilə bunu heç istəmir. Böyük ehtimalla, həmişəki kimi yenə də Putinə narahatlığa əsas olmadığını, Azərbaycanla sülh məsələsinin gələcəyin işi olduğunu, hətta onun hakimiyyəti dövründə heç mümkün olmayacağını bildirib. Əgər İrəvanda etirazlar səngiyərsə, deməli, məsələ həllini tapıb. Paşinyan iki stulda oturmağa davam edəcək. Həm Qərbin, həm də Rusiyanın əlinə oynayacaq. Fikrimcə, Türkiyədəki seçkilərin nəticəsi bəlli olduqdan sonra Ermənistanla sülh məsələsi dəqiqləşəcək".