Ermənistan KİV: "Hakim partiya bir nəfərin iradəsinin icraçısına çevrilib"

“Az qala, hər gün demokratiyadan, söz azadlığından, iradə azadlığından danışan “Mülki müqavilə”nin deputatları bir nəfərin iradəsinin icraçısına çevriliblər”.
“Report” xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazıb.
Bildirilib ki, istənilən qərar yalnız bir şəxsin, baş nazir Nikol Paşinyanın qərarı ilə verilir: “Bunu bir gün əvvəl parlamentdə keçirilən səsvermələr sübut edir. Dünən “Mülki müqavilə”nin deputatları yekdilliklə baş prokurorun müavinini Ermənistanın Ombudsmanı seçib və yekdilliklə müxalifətçi deputat Mqer Saakyanı toxunulmazlıqdan məhrum edərək prokurorluğa onun barəsində cinayət təqibi başlamaq imkanı verib. Müxalifət səsvermədə iştirak etməyib. Hakim partiyanın bir deputatı belə nəinki qanun layihəsinə etiraz edib, heç bitərəf də qalmayıb”.
Nəşr yazıb ki, hazırkı iqtidarın deputatları bir vaxtlar əvvəlki hakimiyyəti tənqid edirdi, indi isə durum daha da pisdir.