Ekspert: “İranla bağlı miflərin hər biri süni şəkildə yaradılıb”

“Dünyada mif yaranıb ki, İran böyük sivilizasiyadır və azərbaycanlıların o sivilizasiyaya olan qatqısı nəzərə alınmır. O miflərin hər biri süni şəkildə yaradılıb”.
Bunu “Report”a açıqlamasında Caliber.az-ın yazarı, ekspert Orxan Amaşov deyib.
Ekspert bildirib ki, bu mif Tehrandakı mövcud rejimə çox faydalıdır:
“Rejimi sevmirlər, amma İranın vahidliyinin mövcudluğunda maraqlı görünürlər. Bu, aradan götürülməlidir.
Digər miflərdən biri də ondan ibarətdir ki, İran azərbaycanlıları dövlətə inteqrasiya olunublar, təmsil olunurlar, onlar özlərini iranlı hiss edirlər və onların milli zəmində problemləri yoxdur. Lakin onlar assimilyasiya olunmuş azərbaycanlılardır. Əgər azərbaycanlıların yaşadığı ərazidə, Güney Azərbaycanda onların öz milli məktəbləri, mətbuatları yoxdursa, milli kimliklərini inkişaf etdirmək üçün real resurslar yoxdursa, o zaman burda bir qrup azərbaycanlının İran cəmiyyətinə assimilyasiya olunması, onlara qarşı hər hansı bir təzyiqin edilməməsini söyləmək olmaz”.