Tokayev ölkəsinin xarici siyasət konsepsiyasını yeniləyir

Qazaxıstan artıq Rusiyanın nəzarətindən çıxmaq, Çinin çətiri altına girmək üzrədir

  Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev ölkənin xarici siyasət konsepsiyasının yenilənməsinin zəruriliyini bəyan edib. Qazaxıstan lideri hökumət tərəfindən ölkənin xarici siyasətinin konsepsiyasının, eləcə də milli təhlükəsizlik strategiyasının yenilənməsinin zəruriliyini vurğulayıb: “Milli təhlükəsizliyin təmin edilməsi üçün tamamilə yeni yanaşmalar tələb olunur. Ona görə də müvafiq strategiya yenilənməlidir. Ölkənin xarici siyasət konsepsiyasının vaxtilə tamamilə fərqli geosiyasi şəraitdə qəbul edildiyini nəzərə alsaq, yenilənməyə ehtiyac var”. Tokayevin sözlərinə görə, dünya böyük dəyişikliklərə məruz qalıb: “Bu səbəbdən də daxili təhlükəsizlik, müdafiə qabiliyyətinin gücləndirilməsi, Qazaxıstanın və bütün Mərkəzi Asiya regionunun beynəlxalq aləmdə nüfuzunun artırılması məsələlərinə xüsusi diqqət yetirilməlidir”.

  Tokayevin təşəbbüsünü "Şərq"ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, Qazaxıstan artıq Rusiyanın nəzarətindən çıxmaq, Çinin çətiri altına girmək üzrədir. Ekspertin sözlərinə görə, Tokayev ölkəsini Mərkəzi Asiyanın ən güclü dövlətinə çevirir:

 "Maraqlı olan odur ki, Kreml bu ölkədə qarşıdurma yaratmağa çalışsa da, həmin istiqamətdə hər hansı uğur əldə etmədi. Rusiya Qazaxıstanda xaos yaratmaqla hakimiyyət dəyişikliyinə nail olmaq istəyirdi. Lakin Kreml Tokayevi yıxa bilmədi. Tokayevi təhdid edən Moskva bu ölkədə ikinci, üçüncü cəbhə açmaq niyyətində deyil, Kreml onsuz da Ukrayna böhranından çıxa bilmir. Tokayev kifayət qədər güclü mövqeyi olan bir siyasətçidir. Onun beynəlxalq dəstəyi də çoxdur. Xüsusən də o, Çin tərəfindən dəstəklənir. Bu amillər Tokayevin devrilməsinə imkan verməyəcək. Burada Türkiyə faktorunu da unutmayaq. Düşünürəm ki, Kremlin Qazaxıstanda yaşayan rusdilli əhalidən separatizmi qızışdırmaq üçün istifadə edə bilər, lakin bu da uğur vəd etmir. Rusiya gecikib. Qazaxıstan paytaxtı Almatıdan Astanaya köçürəndə Kreml bunu diqqətə almadı. Nazarbayev Çin və Əfqanıstandan qazaxları ölkəyə dəvət edəndə artıq Kreml uduzmuşdu. Bu ölkələrdən Qazaxıstana köçürülənlərin hesabına qazax əhalisinin sayı 60 faizə çatdı. İndi qazaxlar Qazaxıstanda əsas söz sahibidirlər. Digər tərəfdən isə Çin Qazaxıstanı tam himayə edir".