İran tərəfi real addımlar atmalıdır 

Münasibətlərin normallaşması üçün Tehranın üzərinə ciddi vəzifələr düşür


  "Azərbaycan İranla münasibətlərinin normallaşmasında, həqiqətən də, maraqlıdır. Rəsmi Bakı bununla bağlı fikirlərini dəfələrlə ifadə edib və real addımlar atıb və bunu İran tərəfindən də hər zaman gözləyib". 

Bu barədə millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, hər birimiz Prezident Əliyevin Cəbrayıla səfər zamanı əlini sərhədə və Xudafərin körpüsünə uzadaraq bu körpünü "dostluq körpüsü" adlandırdığını yaxşı xatırlayırıq: "Ancaq münasibətlərin normallaşması üçün İran tərəfinin də üzərinə ciddi vəzifələr düşür. Təəssüflə qeyd etmək lazımdır ki, danışıqların və müzakirələrin getdiyi bir vaxtda İranda Azərbaycan əleyhinə davamlı təbliğat aparan, Azərbaycanı təhdid edən “Hüseyniyyun” qrupunun ölkəmizə qarşı təxribatı davam edir. Hər gün çoxlu sayda videolar hazırlanaraq sosial şəbəkələrdə müxtəlif profil, səhifə və qruplar tərəfindən tirajlanır. Bu videolar son günlər daha da kəskin xarakter alıb. Əgər İran münasibətlərin normallaşmasını istəyirsə, bu cür çağırış və qrupların qarşısını almalıdır. Həmin qrupların müstəqil olmadığı, kiminsə tərəfindən maliyyələşdirildiyi hər kəsə məlumdur. Azərbaycanla münasibətlərin normallaşmasını istəyən İran tərəfi bu cür təbliğat və təxribatlara birdəfəlik son qoymalıdır. Bu, dostluq və normal qonşuluq münasibətlərinin ruhuna tamamilə zidd fəaliyyətdir".

  Parlament üzvü vurğulayıb ki, İran ölkəmizə qarşı emissarları, maliyyələşdirdiyi qrupları vasitəsilə təbliğat və təxribatlarını davam etdirəcəksə, o zaman münasibətlərin yaxşılaşması çətin olacaq:

 "Münasibətlərin normallaşması ilə bağlı çağırışlar özünü həm də real addımlarda göstərməlidir. İranda təhsil alan azərbaycanlılar tərəfindən yaradılmış qrupların ölkəmizə qarşı təxribat və çağırışlarının qarşısı ən qısa vaxtda mütləq alınmalıdır. 

Onlar hələ də dindar Azərbaycan vətəndaşlarının beynini zəhərləməkdə, fikirlərini çaşdırmaqda davam edirlər. Başqa cür münasibətlərin normallaşması qeyri-mümkündür. Problemlərin həlli imitasiyadan deyil, real addımlardan keçir. İnanmaq istəyirik ki, İran tərəfi bunu anlayaraq real addımlar atacaq".