Daha bir səfirlik açıldı

Türkmənistan İranla sərhəd dövlətdir və bu tədbirlərin İranın etirazına səbəb olacağı gözlənilir

“İsrailin türk dünyası ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaqda qətiyyəti ortadadır və bu prosesdə uduzan yenə İrandır”


  Türkmənistanda İsrail səfirliyinin açılış mərasimi olub. Açılışı Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və bu ölkədə səfərdə olan İsrail xarici işlər naziri Eli Kohen edib. Mərasimdə Bəhreyn, ABŞ, Rumıniya və Ukrayna diplomatik korpusunun nümayəndələri və yəhudi icması iştirak ediblər. Azərbaycanın Türkmənistandakı səfiri Həsən Zeynalov da açılış mərasiminə qatılıb. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bildirib ki, Türkmənistan da İsraildə səfirlik açmağı düşünür. 

Ölkə başçısı ilə İsrailin xarici işlər naziri arasında keçirilən görüşdə İsrail, Türkmənistan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi, regional təhlükəsizlik və sərhədlərin mühafizəsi, kibertəhlükəsizlik, su, kənd təsərrüfatı sahələrində əməkdaşlıq müzakirə edilib. Xatırladaq ki, İsrailin xarici işlər naziri Eli Kohen Türkmənistandan öncə Azərbaycanda olub və mühüm görüşlər keçirib. 

  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə açıqlamasında bildirib ki, İsrail xarici işlər nazirinin Türkmənistana məhz Azərbaycandan səfər etməsi də xüsusi diqqət çəkir. Politoloq vurğulayıb ki, Türkmənistan İranla sərhəd dövlətdir və bu tədbirlərin İranın etirazına səbəb olacağı gözlənilir: 

"Necə ki eyni reaksiyanı Azərbaycanın İsraildə səfirliyinin açılmasında gördük. Amma bu, məntiqsiz və əsassız bir düşüncədir. Hər bir sivil ölkə istədiyi dövlətdə səfirlik aça bilər. Hansısa ölkənin səfirliyinin açılmasından siyasi məqsəd gözləmək məntiqsizlik olardı. Əlbəttə, İran bunu özü üçün təhlükəli hesab edə bilər, amma İsrailin Aşqabadda səfirlik açması heç bir siyasi məqsədə dayanmır. İsrailin niyə bu ölkədə səfirliyi olmasın?! Əgər Tehran Türkmənistana qarşı hər hansı təxribata əl atarsa, bu onun özü üçün ziyanlı olacaq. Onsuz da İran bir çox ölkələr tərəfindən təklənib və təcrid olunub. Ermənistanı çıxmaq şərti ilə İranın qonşu ölkələrlə normal münasibətləri yoxdur. İtirən yalnız İran özüdür. İranın dini-siyasi və hərbi rəhbərliyi qonşu ölkələrə qarşı təhlükəli siyasi oyunlar oynayır. Amma İsrailin türk dünyası ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaqda qətiyyəti ortadadır və bu prosesdə uduzan yenə İrandır".