Ermənistanda ciddi siyasi xaos yaşanır

Paşinyan artıq Kremlin təzyiqlərini hiss etməyə başlayıb

Baş nazir “Ermənistan KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırdır” açıqlamasını məcburiyyətdən verib


  Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını öz ərazisində yerləşdirməyə hazırdır. Paşinyan qeyd edib ki, ölkəsi KTMT missiyasını öz ərazisində yerləşdirməyə hazırdır, lakin bunun effektiv olması lazımdır: “Rusiya ilə yanaşı, Ermənistan buna hazırdır. Arzumuz və istəyimiz mümkün missiyanın effektiv olmasıdır”. Onun sözlərinə görə, bu addımın atılması, həm Ermənistan, həm KTMT, həm də region üçün vacibdir: “Biz bu istiqamətdə işimizi davam etdiririk”. Paşinyan onu da əlavə edib ki, Avropa İttifaqı Missiyası ilə KTMT-nin missiyasını müqayisə etmək olmaz. KTMT missiyasından gözləntilərimiz Aİ missiyasından daha çox olmalıdır”. Xatırladaq ki, bu yaxınlarda KTMT Ermənistan və Azərbaycan sərhədinə missiya göndərmək üçün layihə hazırlayıb.

  Politoloq Turab Rzayev "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistan rəhbərliyi məcburi qaydada belə açıqlamalar verir. Analitik deyib ki, Nikol Paşinyan açıq şəkildə KTMT missiyasının əleyhinədir. Nəinki missiyaya qarşı çıxır, hətta bu təşkilatın Ermənistanda mövcudluğunu qəbul etmir: 

"Baş nazir bir müddət öncə açıqlama vermişdi ki, KTMT istəsə də, istəməsə də, Ermənistandan getməlidir. İndi qurumun missiyasının əleyhinə olmadığını sırf məcburiyyət qarşısında qaldığı üçün dilə gətirir. Bu da çox güman ki, sərhəddə baş verən son təxribatlarla bağlıdır. İrəvan məhz həmin təxribatlardan sonra Kremlin təzyiqlərini və mövqeyini qəbul etməyə başladı. Paşinyanın sərhəddəki təxribatla əlaqəsinin olmadığını vurğulaması və orduda "5-ci kolon" var" iddiası da Rusiyaya ünvanlanmışdı. Görünür, Baş nazir Moskvanın tələblərini yerinə yetirməyə məcburdur. Rusiya XİN sözçüsü Mariya Zaxarova demişdi ki, "KTMT təlimlərini keçirtməmək Ermənistanı təhlükəsiz etmir". Bunun ardınca Rusiyanın Ermənistandakı hərbi bazaları təlimlər keçirməyə başladı. Paşinyan isə parlamentə mühafizəçilərlə gəldi. Ermənistanda ciddi siyasi xaosun yaşandığı, Baş nazirin həyatının təhlükə altında olduğu üzə çıxdı. Paşinyanın KTMT üzərinə "öhdəlik" kimi şərtlər qoymasının səbəbi də təşkilatın Ermənistana gəlişini mümkün qədər uzatmaq məqsədi daşıyır. Yəni sövdələşmə üçün "ayaq yeri" saxlayır və Rusiyanın Azərbaycanla sülh məsələsində İrəvana daha aktiv dəstək verməsinə nail olmağa çalışır".