Rusiya nə bilir, sülh nədir! - AKTUAL

"Vaşinqton və Brüssel təmaslarının Moskvadan öncə baş tutması bizim üçün əlverişlidir".
Bunu "Sherg.az"a açıqlamasında tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov Brüssel və baş tutacaq Moskva görüşlərini dəyərləndirərkən deyib.
O bildirib ki, Ermənistan tərəfi Rusiya ilə birlikdə Azərbaycanın Qafqaz  və Qarabağdakı erməni icması siyasətinə mane olurlar:

"Amma Vaşinqton və Brüsselin Cənubi Qafqaz planları Rusiyanın istəklərinə ziddir. Bunu nəzərə alaraq, deyə bilərik ki, hər iki güc arasında Ermənistan-Azərbaycan arasındakı münaqişəyə yanaşmaları fərqlidir. 

Əlbəttə, Moskva görüşməsindən yaxşı bir şey gözləməyə dəyməz. 

Çünki indiyənə qədər Brüsseldə keçirilən görüşlərdə rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və şərtlərimizi qəbul etsə də, Moskvada baş tutan təmaslardan dərhal sonra öhdəliklərindən boyun qaçırıb. Hətta sərhəddə və Qarabağda təxribatlar törədilib. Bu dəfə də istisna deyil". 

Analitik əlavə edib ki, Moskva görüşündən əvvəl terrakt və təxribatlar gözləniləndir:

"Rusiya Qarabağ ermənilərindən istifadə edərək Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək və ya ən azından əvvəlki vəziyyətə gətirməyi arzulayır. Ona görə də, kollektiv Qərbin Ukrayna cəbhəsi və digər sahələrdə olduğu kimi, Cənubi Qafqazda da Rusiya ilə rəqabəti özünü büruzə verir. 

Lavrov, Bayramov və Mirzoyan görüşməsinin isə hansı nəticə verəcəyini indidən söyləmək çətindir. Lakin Kremlin təşəbbüsü ilə sülhün imzalanması və delimitasiya-demarkasiyadan söhbət gedə bilməz". 

Qey edək ki, Mayın 14 də Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan respublikası prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Həmçinin mayın 19-da Moskvada Rusiya Xarici İşlər nazir Sergey Lavrovun iştirakı ilə, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.