“Bu təşkilatlar İranda mövcud olan yalançı islam rejimini əvəzləməyə çalışırlar”
"Bu etirazlar milli oyanışın təzahürü idi. Çünki İran adlanan saxta bir dövlətin coğrafiyasında əsas dominant olan bir etnosun təhqir edilməsi qəbuledilməzdir".
Bunu "Sherg.az" açıqlamasında politoloq Natiq Miri cənub qonşumuzu lərzəyə salan tarixi 22 may aksiyalarından danışarkən deyib.
O bildirib ki, bu cür hadisələr İranda sistematik şəkildə təkrar olunur:
"Onlar bütün etnosları fars şovinizmi konteksində dəyərsizləşdirməyə yönəlik bir siyasət yürüdürlər. Bu tendensiyaya qarşı Azərbaycan türklərində böyük bir dirəniş yaşandı. Bu dirənişi isə rejim gözləmirdi və bütün Azərbaycan əyalətlərini ehtiva etdi. Bu isə mövcud rejimi silkələdi.
Çünki onlar hadisələrin böyüyərək ümumiran etirazlarına çevrilməsindən qorxurdular. Əslində biz bu aksiyanı rejimdə etirazların bünövrəsini qoymuş bir proses kimi adlandıra bilərik. Ümumiyyətlə baş verən son etirazları bu konteksdə dəyərləndirmək lazımdır".
Analitik əlavə edib ki, insanlar ilk dəfə kütləvi səviyyədə belə etirazlara qalxırdılar:
"Bu da qorxu sindromunu İran toplumundan yox edirdi. Çünki kütləvi aksiyalar. İctimai şüurda, birləşdikləri təqdirdə rejimi devirmək inancını ortaya qoyurdu. Bu baxımdan Azərbaycan türklərinin 2006-ci illərdəki etirazı, çox böyük bir siyasi hadisədir. Bunun təzahürünü isə bütün İranda yaşayan etnosların oyanışında görürük"
N.Mirinin sözlərinə görə, artıq bu gün Azərbaycan türkləri İranda öz təşkilatlarını yaradır:
"Bu isə rejimin yuxusunu qaçırdır. Çünki bu təşkilatlar İranda mövcud olan yalançı islam rejimini əvəzləməyə çalışırlar. Avropada başlayan mitinqlər də, İranda mövcud olan etiraz elektoratını birləşdirmək üçün ortaya qoyulub. Bu cür hadisələrin il dönümünün xatırladılması şüur altına yeridilən genetik bir informasiyadır.
Düşünürəm ki, zamanı çatanda bu informasiyalar yenidən oyanışa səbəb olacaq. Bundan qorxan İran rejimi isə edamların və şiddətini artırır. Bu gün onlar çox rahatlıqla əlini öz xalqının qanına batıra bilir. Yəni rejim hakimiyyətdə qalmaq üçün hər cür əmələ əl atır. Belə dövlətlərin isə sonu hər zaman bərbad olur".
Qeyd edək ki, Güney Azərbaycanda 2006-ci ilin mayında başlayan tarixi etiraz aksiyalarından 17 il ötür. Xatırladaq ki, bu aksiyalar 2006-cı il mayın 12-də İran hakimiyyətinə yaxın olan “İran” rəsmi qəzetində Azərbaycan türklərini tarakan kimi təsvir edən karikaturanın dərc edilməsindən sonra başlamışdı.