“Oğan və ya ATA ittifaqından birinin iqtidarda təmsil edilərək, önəmli postlardan birinə gətirilməsi gözləniləndir”
“Həmçinin "HÜDA-PAR" məsələsində Ərdoğan və Oğan arasında yeni razılaşmaların olması da mümkündür”
Türkiyənin ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayacaq.
Mənbə iddia edir ki, Sinan Oğan artıq bu gün (22 may) ikinci turda məhz Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini rəsmən elan edəcək.
Bundan əlavə, Sinan Oğanın beş bəndlik protokola imza atacağı gözlənilir.
Məlumatda həmçinin iddia olunur ki, Sinan Oğan Ərdoğanla görüşdən əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Belə xəbərlərin dünəndən bəri Türkiyə mediasında səsləndiyini söyləyən hərbi-siyasi ekspert Həşim Səhrablı "Sherg.az"a vurğulayıb ki, bunlar hələ iddiadır və Sinan Oğanın açıqlamasını gözləməyə ehtiyac var:
"Amma məncə də, artıq Sinan Oğanın “Cumhur ittifaqı”na dəstək verəcəyi böyük ehtimal təşkil edir. Çünki baza prinsipləri və digər faktorlara baxdıqda demək mümkündür ki, Oğan istədiyi şərtlər mahiyyəti ilə Cumhur ittifaqına daha yaxındır. Eyni zamanda sözügedən beş baza prinsipinə imzanın atılmasının nə dərəcədə real olduğunu gələcəkdə görəcəyik. Lakin ortada razılaşmanın olması təqdirinində, bəndlərin terror, Türkiyənin gələcək xarici siyasəti istiqamətində olacağını düşünürəm. Çünki ATA ittifaqı siyasətə gəldiyi ilk gündən elan edirdi ki, onların əsas narahatlıqları terror təşkilatının siyasi uzantılarının Türk siyasətinə müdaxilə etməsidir. Bu istiqamətdə də onların “Cumhur ittifaqı” ilə razılaşmaları daha real görünür".
Ekspert əlavə edib ki, “Millət ittifaqı”nın səslərinin bir qismi "HDP" və "Yeşil sol parti”dən gəldiyi üçün ATA alyansı ilə razılaşması çətin məsələdir:
"Çünki bu partiyalar PKK-nı dəstəkləyən qrup kimi tanınır. “Cumhur ittifaqı” isə terrora qarşı duruş sərgiləməsi ilə seçilir. Digər tərəfdən isə Oğanın açıqladığı prinsiplərdə, bir sıra nazirliklərin və dövlət vəzifələrinin ATA ittifaqına həvalə edilməsi məsələsi də var idi. Burada isə tam razılaşmanın əldə olunacağını ehtimal etmirəm. Ona görə ki, Ərdoğan Daxili İşlər nazirliyi kimi önəmli bir kreslonu, fərqli bir bloka verməz. Ancaq Oğan və ya ATA ittifaqından birinin iqtidarda təmsil edilərək, önəmli postlardan birinə gətirilməsi də gözləniləndir. Həmçinin "HÜDA-PAR" məsələsində Ərdoğan və Oğan arasında yeni razılaşmaların olması da mümkündür.
Çünki sözügedən partiya "Hizbullah" terror təşkilatının uzantısı hesab olunur. Məhz bu nöqtədə də düşünmək olar ki, Oğan Ərdoğandan istədikləri alıb və bunun müqabilində “Cumhur ittifaqı”nı dəstəkləyəcək".