Orxan Amaşov: "Alyansa daxil olan ölkələrin enerji təhlükəsizliyi təşkilat üçün prioritet məslələrdəndir"
NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Xavyer Kolomina Cənubi Qafqaza gəlib.
Bu barədə Gürcüstanın İctimai telekanalı məlumat yayıb. Tbilisidən sonra Ermənistana və Azərbaycana səfər edəcək.
Qeyd edək ki, xüsusi nümayəndə səfərinin məqsədi və görüşləri haqda NATO-nun Tbilisidəki Rabitə Bürosunda məlumat verəcək.
Səfərin gizlinlərini "Sherg.az"a açan politoloq Orxan Amaşov söyləyib ki, NATO regionda nüfuzunun gələcəkdə daha da güclənməsi üçün, bazanın formalaşdırılmasında müəyyən taktiki addımlar atır:
"NATO-nun Cənubi Qafqazla bağlı ümumi yanaşması var, ancaq strateji dərinlik yoxdur. Ukraynadakı müharibənin başa çatmasından sonra, bu istiqamətdə daha dəqiq təsəvvür formalaşacaq. Ola bilsin ki, bundan sonra NATO üst qurumunda və Alyansa daxil olan dövlətlərin ümumi yanaşmasında strateji dərinliyinin əlamətlərini görək. İndi ümumi yanaşma var və məqsəd regionda Rusiyanın nüfuzunun azaldılmasıdır. Ümumiyyətlə indiki şəraitdə Ermənistan KTMT ilə bağlı müəyyən problemlər yaşayır. Hətta Paşinyan hakimiyyəti gələcəkdə həmin təşkilatdan çıxma ehtimalını istisna etmir. Düzdür bu ehtimal real qiymətləndirilmir. Ancaq İrəvandakı adminstrasiyanın ümumi xətti realdır. Əgər Rusiya kifayət qədər zəifləsə, savaşdan məğlub çıxsa və regiondakı resurslarını daha da sürətlə itirməyə davam etsə, rəsmi İrəvanın seçimi məlum olacaq. Amma indiki şəraitdə onlar Rusiya buxovundan qurtulmaqdan çox uzaqdırlar".
Analitik qeyd edib ki, NATO üçün ən vacib məsələlərdən biri də enerji təhlükəsizliyidir:
"Baxmayaraq o hərbi blokdur, ancaq Alyansa daxil olan ölkələrin enerji təhlükəsizliyi təşkilat üçün prioritet məslələrdəndir. Ona görə də Azərbaycanda baş tutacaq danışıqlar enerji təhlükəsizliyini də özündə ehtiva edə bilər. Çünki təhlükəsizlik yalnız hərbi komponentə malik deyil. Eyni zamanda onun başqa formaları da var. Enerji təhlükəsizliyi də bu baxımdan önəmlidir. Sözsüz ki, səfərdə Azərbaycan-Ermənistan sülh prosesinə də toxunulacaq. İrəvanda olan görüşlərdə də buna toxunulub. Ümumilikdə NATO regionda öz təsir gücünü artırmaq istəyir. Bu cür səfərlər mütamadi şəkildə baş tutur və NATO nümayəndəsinin səfəri anlaşılandır".