Ermənistan Naxçıvanla sərhəddə ekoloji fəlakət hazırlayır

Dünya birliyi səsini çıxarmalıdır

Beynəlxalq təşkilatlar qarşısında davamlı məsələ qaldırılmalıdır


Ermənistan Naxçıvanla həmsərhəd bölgədə - Arazdəyəndə iri metallurgiya zavodunu inşa etməyə hazırlaşır. Tikintiyə 70 milyon dollar ABŞ sərmayəsi yatırılacaq və zavodun hündürlüyü 30 metr, sahəsi 16500 kvadratmetr olacaq. Məsələ ondadır ki, bu metallurgiya zavodunun zəhərli kimyəvi tullantıları bölgədəki ekosistemə böyük zərbə vura bilər. Onun tullantılarının Araz çayına axıdılması riski həm çaydakı canlı aləm, həm də Arazın suyundan suvarma üçün istifadə edilən geniş təsərrüfatlar üçün həyəcan siqnalıdır. Ermənistanın dağ-mədən sənayesində heç bir beynəlxalq standartlara əməl edilməməsi həm Azərbaycan, həm də ümumilikdə bölgə üçün ciddi ekoloji təhdid yaradır. Bununla bağlı olaraq, iyunun 8-də Bakıda ekoloji yönümlü QHT-lər yeni ekoloji fəlakətə yol açacaq bu layihə əleyhinə birgə bəyanat səsləndiriblər. Azərbaycanlı ekoloqlar ABŞ dövlətinə və Ermənistan ekoloqlarına da çağırış ünvanlayıblar. Qeyd olunub ki, Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisənin tikintisi "Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" 1991-ci il Espo Konvensiyanın kobud şəkildə pozulmasıdır. Azərbaycan və Ermənistan həmin Konvensiyanın tərəfləridir və Espo Konvensiyasından irəli gələrək, bu zavodun ətraf mühitə təsirinin qiymətləndirilməsi işi aparılmalıdır. Həmçinin tikinti ilə əlaqədar qiymətləndirmə sənədinə qonşu dövlət olan Azərbaycanın müvafiq qurumları baxmalı, bölgəyə yaxın yaşayan azərbaycanlıların rəyi nəzərə alınmalıdır. Vurğulanıb ki, Ermənistanın bu tələblərə riayət etməməsi bir daha onu göstərir ki, Ermənistan regionda destruktiv siyasət aparır. Tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını, beynəlxalq öhdəliklərini kobud şəkildə pozur. 
 
Xatırladaq ki, Ermənistan tərəfindən Azərbaycana qarşı ekoloji terror və ekosid siyasətinin aparılması yenilik deyil. "Metsamor"un uzun illər regionun ətraf mühitinə təhdid kimi qalması, işğal dövründə Qarabağda törədilmiş genişmiqyaslı ekoloji faciələr, yüksək kimyəvi tərkibli istehsalat sularının təmizlənmədən Oxçuçaya axıdılması buna əyani misaldır. Ermənistan Oxçuçayı kəskin şəkildə çirkləndirib. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi hissənin ekoloji sistemini bərpaolunmaz deqradasiyaya məruz qoyub. Alman şirkəti "Cronimet" bu ekoloji cinayətdə Ermənistanla birgə iştirak edib.

 Təəssüflər olsun ki, bu günə qədər də Almaniya hökuməti bu istiqamətdə heç bir praktik addım atmayıb. Törətdiyi ekoloji cinayətlərlə Ermənistan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə də hər kəsin sağlamlığının təmin edilməsinə dair 3-cü, təmiz su və sanitariya ilə bağlı 6-cı, iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizəyə dair 13-cü, torpaq ekosisteminin mühafizəsi üzrə 15-ci məqsədlərinin tamamilə əleyhinə gedir. Məlum olduğu kimi, 2022-ci ildə BMT təmiz, sağlam və davamlı ətraf mühiti insan hüququ kimi tanımışdır. Ermənistan ekologiyaya ciddi ziyan vurmaqla, Azərbaycan, o cümlədən region əhalisinin insan hüquqlarını kobud şəkildə pozur. Bundan başqa, müxtəlif beynəlxalq sənədlər, o cümlədən biznes və insan hüquqları üzrə rəhbər prinsiplərə görə iqtisadi fəaliyyət insan hüquqlarına ziyan vurulmadan həyata keçirilməlidir. Bu halda da Ermənistan məsuliyyətsiz davranır, təmiz, sağlam və davamlı ətraf mühit hüququna məhəl qoymur və sırf özünün iqtisadi maraqlarını önə çəkir. O baxımdan ekoloqlar müvafiq beynəlxalq təşkilatlara müraciət edərək, onları bu fakta reaksiya verməyə və Ermənistanın növbəti ekoloji terroruna son qoymağa çağırıb. Xüsusən Amerika Birləşmiş Ştatları hökumətinə müraciət edilib ki, Arazdəyəndə iri metallurgiya zavodu tikməyə hazırlaşan, ərazisində qeydiyyatda olan şirkəti məsuliyyətli davranışa dəvət etsin, onun qanunsuzluqlarına göz yummasın. 

 Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, prosesi təhlil edəndə bu təşəbbüsü Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı kimi qiymətləndirə bilərik. Deputatın sözlərinə görə, Azərbaycanla sərhədin, Naxçıvanın və Araza yaxın ərazinin seçilməsi də göstərir ki, Ermənistan bizə qarşı qərəzli şəkildə layihələr hazırlayır, düşmənçiliyə davam edir:
"Bu da ermənilərin növbəti məkrli niyyətindən xəbər verir və təbii ki, yolverilməzdir. Ermənistanın əvvəlki dövrlərdə digər çaylarımıza zərərli maddələri axıtdığının şahidi oluruq. Davamlı olaraq bu cür təxribatları müşahidə edirik. Burada bir neçə istiqamətdə iş aparmaq lazımdır. İlk növbədə ardıcıl olaraq Ermənistanın ekoloji terror təşəbbüsləri beynəlxalq təşkilatlar qarşısında davamlı qaldırılmalıdır. Məsələni gündəmdə saxlayaraq ekoloji fəlakətin qarşısının alınması üçün beynəlxalq təşkilatlara çağırışlar etməliyik. Ermənistana təzyiqlər olunmasına çalışmalıyıq. ABŞ ilə də bu istiqamətdə müzakirələr, danışıqlar getməlidir. Hər vasitə ilə Ermənistanın bu cəhdinin önünü kəsməliyik. Beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq ki, Ermənistan dəfələrlə ekoloji terror törədib. Dünya birliyi də səsini çıxarmalıdır.