Hərtərəfli sülh müqaviləsi nə yaxında, nə də uzaqdadır

"Sülh sazişi layihəsinin indiki koordinatı da sürüşkəndir. Gah Qərbə, gah da Rusiyaya doğru əl dəyişdirir”


  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında Ermənistanla sülh prosesindən danışıb. Nazir deyib ki, iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır. C.Bayramovun sözlərinə görə, Azərbaycan bu yanaşma ilə Ermənistana münaqişədən sonrakı normallaşma gündəliyini təklif edib: "Hər iki tərəf bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmətə əsaslanan dövlətlərarası münasibətlərin çərçivəsini təşkil edəcək ikitərəfli sazişin mətni üzərində danışıqlar aparır. Son bir neçə həftə ərzində Vaşinqtonda, Brüsseldə, Moskvada və Kişineuda keçirilən danışıqlar tərəflərin əsas narahatlıqları daha yaxşı başa düşməsinə xidmət edib. Bəzi məsələlərlə bağlı fikir ayrılıqlarını daraltmağa kömək edib".

Siyasi şərhçi Aqşin Kərimov "Şərq"ə deyib ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlər normal məcraya düşür. Lakin analitikin fikrincə, bunun üçün lazım olan hərtərəfli sülh müqaviləsi nə yaxında, nə də uzaqdadır: "Sülh sazişi layihəsinin indiki koordinatı da sürüşkəndir. Gah Qərbə, gah da Rusiyaya doğru əl dəyişdirir. Düzdür, 10 noyabr bəyanatından sonra sülhə doğru xeyli irəliləyiş əldə edilib. Ermənistan bəzi ritorikalarına redaktələr edib. Azərbaycan isə hərblə sülhün hibridi ilə strateji mövqelərini sürətlə qabağa çəkib.
 
 Ermənistan mövqeyini köklü dəyişməklə sülh üçün düzgün imkanlar aramalıdır. Sülhü müvəqqəti xarakter kimi görməməli və onu revanşizm üçün hazırlanacaq bazaya çevirməməlidir. İrəvanın tutumunda isə revanşizmdən tamamilə yox, qismən imtinaya işarələr verilir. Bunu Ermənistanın sülh modeli üçün beynəlxalq mexanizmlər axtarmasında, gah Qərbin, gah da Rusiyanın əlinə oynayan addımlarında görmək çətin deyil. Aydındır ki, Azərbaycanın sülhə dair şərtlər çərçivəsi də genişdir, Bakı sərhədlərin delimitasiyasından tutmuş, Zəngəzur dəhlizi layihəsi, Qərbi azərbaycanlıların tarixi torpaqlarına geri dönüşünü vahid sülh paketində cəmləşdirməyi hədəfləyə bilər. Qərbi azərbaycanlıların qayıdışı Zəngəzur dəhlizinin açılması və sərhədlərin delimitasiyasından sonrakı mərhələdir, lakin nəzəri olaraq paralel xüsusiyyətlərə də malikdir. Qərbi azərbaycanlıların qayıdışı, ən azından, ona görə lazımdır ki, Bakı Ermənistandakı azərbaycanlı icmasını bərpa edir. Onların hüquqlarının, azadlıqlarının təminatçısına çevrilir. Beləliklə, İrəvan üzərində humanitar-strateji təzyiq qazanır. Ancaq Qərbi azərbaycanlıların köçünün hansı ssenaridən sonra baş tutacağı da önəmlidir. Əgər Ermənistan Bakının şərtləri ilə razılaşsa, onda köç prosesi sülhün elementi olaraq qəbul ediləcək. Yox, əgər Ermənistan Azərbaycanın delimitasiya, Zəngəzur dəhlizinin açılması tələbləri ilə razılaşmasa, onda hərbi, kəşfiyyat ssenariləri dövriyyəyə salınacaq və İrəvan yekunda nəticələrlə zorla razılaşmalı olacaq".
  
A.Kərimov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında danışıqların intensivləşməsinə baxmayaraq, cari hərbi vəziyyət proseslərin hansı istiqamətə gedəcəyini qiymətləndirməyə imkan verir: "Bunun üçün Kişineuda keçirilən danışıqlardan sonra Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatlardakı izlərə baxmaq lazımdır. Ermənistan sərhədin bir neçə istiqamətində atəş açır. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki separatçılar isə təxribatlara ara vermirlər. Bu vəziyyətin yaradılması sülh modeli üçün qeyri-adekvatdır, gələcək hərbi eskalasiya risklərini artırır. Hərçənd, danışıqlar üçün diplomatik proseslərin canlandırılması prosesi arxa planda deyil. Azərbaycanın hərbi-siyasi, diplomatik, strateji üstünlüklərinin açıq-aşkar reallığı ona həm sülh danışıqlarında, həm də mümkün eskalasiya variantlarında nailiyyətlər qazandırır. Buraya ərazi uğurları da daxildir. Ən azından, 2021-ci ilin noyabrında və 2022-ci ilin sentyabrında sərhəddə baş vermiş toqquşmalardan sonra formalaşan mənzərədən belə qənaətə gəlmək olur. 

Deməli, Azərbaycanla Ermənistan arasında yekun razılaşmaya doğru hərəkət sürət qazansa da, regional sütunların yerindən tərpədilməsi cəhdləri ərşə çəkilməyəcək. Beləliklə, Ermənistan gah Fransanın, gah İranın regional gündəminə arxayın olub, sülhə zidd olacaq mövqelərdən qaçmadıqca, Rusiyanın, Qərbin regional gündəmlərinə həm bel bağlayıb, həm də ona arxa çevirmək prinsipindən çəkinmədikcə regionda mütləq sülhdən danışmaq çox tezdir. İndi Azərbaycan-Ermənistan liderləri iyulun 21-ü üçün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkil edəcəyi Brüssel görüşünə hazırlaşırlar. Liderlərin gündəmi ilə regionda cərəyan edən hadisələr, sərhəddəki insidentlər paralel qoldur. Təbii ki, Azərbaycan tərəfinin itirəcəyi nəsə yoxdur, əksinə, qazana biləcəyi çoxlu paketlər var. Qarabağdakı erməni separatçıları yola gətirmək və ya zor gücü ilə tabe etdirmək daha asandır. Çünki artıq onların silah təminatı yolu qapalıdır. Azərbaycan sərhədçiləri Laçın yolunun Ermənistanla birləşən nöqtəsində keşik çəkərək Qarabağa giriş-çıxış üzərində hüquqi nəzarət həyata keçirirlər. Sərhədlə bağlı isə reallıqlar və şərtlər üst-üstə düşmür və bu, vəziyyəti mürəkkəbləşdirir".