"Geri çəkilməyi bilmək lazımdır"

Kılıçdaroğlunun ən yaxını şok açıqlama verib
 
 Türkiyədə seçkilərdən sonra Cümhuriyyət Xalq Partiyasında (CHP) başlayan müzakirələr davam edir. Partiya sədri Kamal Kılıçdaroğlunun istefası tələb olunmaqdadır. 
  
"Şərq" qəzeti Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlunun"dəyişiklik" açıqlamasından sonra 10 il partiyanın sədr müavini olmuş millət vəkili Engin Altay da sədrə qarşı çıxış edib. Engin Altay seçki nəticələrini qiymətləndirərkən "Necə çəkiləcəyini bilmək lazımdır" deyib. 

O, seçki nəticələrinə "uğur" deyənlərin ağlından şübhələndiyini söyləyib. Bildirib ki, üzvü olduğu partiyası təpədən-dırnağa qədər daxili mühakimə aparmalıdır: "10 ildir ki, yeni dönəmdə tutduğum CHP-nin parlament qrupunun sədr müavinliyinə namizəd olmayıb. Partiyam seçkidə uduzdu. Biz qalib gəlsəydik, TBMM sədri olardım. Mənə dedilər ki, həm qrup sədri, həm də parlamentin sədr müavini olum, amma qəbul etmədim. Çünki geri çəkilməyi bilmək lazımdır. Təşkilatda rahatlıq olmalıdır. "Yeni simalar gələcək” deyəndə, bu, əvvəlki kimi olmamalıdır. Düşünürəm ki, mənim kimi digər dostlarım da kənarda durmağı bilməlidirlər”. 

E.Altay mövqeyini və fikrini K.Kılıçdaroğluna da şəxsən söylədiyini açıqlayıb: "Məndən başqa könüllü geri çəkilən, imtina edən heç kim yoxdur". 
 
 CHP təmsilçisi "Sizin geri çəkilmə sözünüz Kılıçdaroğlu üçün də keçərlidirmi" sualına belə cavab verib: “İndi həmin gün deyil, biz Kılıçdaroğlunun sonrakı mövqeyini görməliyik. İdarə Heyətində dəyişiklik yetərli deyil. Ən əsası qarşıdan gələn bələdiyyə seçkilərinə kimi mütləq qurultay keçirilməlidir. Keçirilməsə, bu, fəlakətdir. İndiki heyətlə seçkiyə getmək doğru deyil".