Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinə xüsusi önəm verir

Rusiyanın da bu layihənin həyata keçirilməsində xüsusi marağı var

“Bu layihənin gerçəkləşməsi regionda təhlükəsizliyin təmin olunmasına, sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfələr verəcək”


  
"Azərbaycanla Türkiyə arasında əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf edir. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın ikinci dövlət yoxdur". 

Bu barədə millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, eyni kök, adətlər, oxşar mədəniyyət, dil, din, ortaq folklor  Azərbaycan-Türkiyə əlaqələrini şərtləndirən mühüm amillərdir: "Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. Hələ 1918-ci ildə Azərbaycanın ən ağrılı günlərində Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun Bakını  daşnakların caynağından xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan  xalqının Ümummilli Lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaq”.   

Ümumiyyətlə, beynəlxalq təşkilatlarda müxtəlif  beynəlxalq və regional məsələlər üzrə Azərbaycanla Turkiyənin mövqeləri çox yaxındır və ya üst-üstə düşür. Türkiyə və Azərbaycan arasında əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəlib. Türkiyə Azərbaycan müstəqillik qazandıqdan sonra Silahlı Qüvvələrin formalaşmasına yardım göstərib. O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər".
  
Parlament üzvü vurğulayıb ki, Vətən müharibəsi dövründə, eləcə də ondan əvvəlki dövrdə Türkiyə daim Azərbaycanın yanında olub: 

"Türkiyə ölkəmizə həm siyasi, həm də mənəvi dəstək göstərdi. Rəsmilər dəfələrlə Azərbaycana səfər edərək ciddi dəstəklərini ifadə etdilər. Azərbaycan bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmayacaq. Həm Azərbaycan, həm də Türkiyə Zəngəzur dəhlizinə xüsusi önəm verir. Rusiyanın da bu layihənin həyata keçirilməsində xüsusi marağı var. Bu layihənin həyata keçirilməsi bütövlükdə regionda təhlükəsizliyin təmin olunmasına, sülh və əmin-amanlığın bərqərar olmasına ciddi töhfələr verəcək. Həmçinin Azərbaycanı logistika mərkəzinə çevirmək üçün yeni imkanlar yaradacaq. Artıq proses sürətlə gedir və bu layihələrin qarşısını heç kim ala bilməz. Bunu Ermənistan tərəfi də ciddi nəzərə almalıdır. Populist və revanşist bəyanatlar Ermənistanı daha da uçuruma aparacaq. İqtisadiyyatının çöküşünə, siyasi böhranın daha da dərinləşməsinə səbəb olacaq. Bunu gec olmadan ermənilər anlamalıdırlar. Əks halda region dövlətlərinin hər birini yüksəlişə aparacaq bu proseslərin kənarında qalaraq məhv olacaqlar. Əminik ki, Türkiyə Prezidentinin Azərbaycana son səfəri dərin kökləri olan və xoşbəxt  gələcəyə hesablanmış Azərbaycan-Türkiyə münasibətlərinin, dostluğumuz  və qardaşlığımızın bu gündən sonra da yüksələn xətt üzrə inkişafına ciddi töhfə verəcək. Azərbaycan-Türkiyə münasibətləri əbədi və sarsılmazdır!".