Qərb separatçı, təxribatçı Rubeni ifşa etdi

Vardanyan dərhal həbs olunmalıdır

“Rusiyanın artıq dünya düzəni üçün təhlükə olduğu hər addımda vurğulanır və sübut olunur”


  Avropanın nüfuzlu nəşrlərindən olan “Eureporter” Qarabağdakı separatçı dəstənin sabiq “dövlət naziri” Ruben Vardanyanı Qərb üçün təhlükə adlandırıb. Nəşr qeyd edib ki, Putinin “yaxın adamı” sayılan Vardanyan Qarabağ separatçı dəstəsinin “dövlət naziri” vəzifəsindən uzaqlaşdırılsa da, hələ də Cənubi Qafqazda qeyri-sabitlik mənbəyi yaratmaqla məşğuldur. Nəşr Qarabağdakı separatçılardan da söz açıb. Separatçıların Rusiya tərəfindən davamlı silahlandırıldığını bildirib: “Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya Qarabağdakı silahlıları bombardman sistemləri ilə təchiz edilmiş yüzlərlə Çin istehsalı “DJI Mavic 3” kəşfiyyat və hücum pilotsuz təyyarələri ilə təmin edib. Həmin silahların tədarükü ilə bağlı əmrin Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini Aleksey Kim tərəfindən verildiyi iddia edilir. Onlardan təxribatlar - məsələn, Bakı ilə İrəvan arasında sülh danışıqlarını sabotaj etmək və ya Qərbə qaz nəqlinin qarşısını almaqla regionda yeni müharibəyə başlamaq üçün istifadə oluna bilər. Bu təhlükənin qarşısını almaq vaxtıdır". “Eureporter” yazıb ki, R.Vardanyana qarşı nəinki sanksiya tətbiq etməyin, həm də onu İnterpol və digər Qərb kəşfiyyat orqanları tərəfindən istintaqa cəlb etməyin vaxtı çoxdan çatıb”. 
  Politoloq Azər Qasımov deyib ki, Qərbin regionda stabilliyi pozmaq istəyən separatçı, təxribatçı Ruben Vardanyanı ifşa etməsi, onun stabilliyi pozan element sayması göstərir ki, həqiqətən də, Qərb regionda stabillik axtarır və bunun üçün çalışır. Analitikə görə, Qarabağ separatçılarının Rusiya tərəfindən silahlandırılması yeni fakt olmasa da, budəfəki fakt əsl təxribat xəbəridir:
"Nüfuzlu Avropa nəşrinin belə mühüm bir faktı ifşa etməsi isə Rusiyanın ikiüzlü siyasətinin ifşası baxımından atılan addımdır. Rusiyanın artıq dünya düzəni üçün təhlükə olduğu hər addımda vurğulanır və sübut olunur. Azərbaycanın Rusiyanın bu hərəkətinə diplomatik kanallarla etiraz etməsi mütləqdir. Bu addım Rusiyanın iç üzünü açmaqda kömək olacaq. Qarabağ separatçılarının Rusiya ilə birlikdə qeyri-stabillik yaratması faktdır. Rusiyanı başa düşürük, məqsədi bəllidir. Bəs, bu debil bir ovuc erməni nəyə ümid edir? Separatçıların hərəkətləri Azərbaycanın antiterror əməliyyatı keçirməsi üçün münbit şəraiti yaxınlaşdırır. Əmin olun ki, o zaman ruslar yenə də çəkilib kənardan baxmaqla kifayətlənəcək. Məhv edilən isə separatçı ünsürlər və qanunsuz erməni silahlıları olacaq".