Paşinyanın xoş görünmək sevdası: Sülh danışıqları dalanda!

İndiki şərtlər daxilində sülhə getmək doğru deyil

Vaşinqton, Brüssel, yaxud Moskva platformalarının fərqi yoxdur, Azərbaycan tələsməməlidir

  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş gələn həftə keçiriləcək. Görüş ABŞ-nin paytaxtı Vaşinqtonda baş tutacaq. Görüş öncəsi açıqlama verən Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan sülh üçün bütün səyləri göstərir: “Biz münasibətlərin nizamlanmasına dair saziş imzalamalıyıq. Ermənistan nümayəndə heyəti bu amalla ABŞ-yə gedəcək”. Hökumət başçısının sözlərinə görə, Ermənistan Azərbaycana sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasını keçirməyi təklif edib və görüşün keçirilməsi ilə bağlı prinsipial razılıq var. Məlumat üçün deyək ki, bundan öncə, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında müzakirələrin növbəti raundu iyunun 12-də Vaşinqtonda planlaşdırılmışdı. Lakin sonradan qeyri-müəyyən müddətə təxirə salındı. Vaşinqtonda nazirlərin əvvəlki danışıqları mayın 1-4-də baş tutub. XİN rəhbərləri ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.
  Gözlənilən görüşlə bağlı "Sherg.az"a danışan AĞ Partiya sədri Tural Abbaslı indiki şərtlər daxilində Azərbaycan-Ermənistan arasında sülhün imzalanmasının əleyhinə olduqlarını deyib. Partiya sədrinin sözlərinə görə, sülh müqaviləsinə imza atılması bütün problemlərin həlli anlamına gəlmir: "Ermənistanla Azərbaycanın tarixi torpaqlarının geri qaytarılması, deportasiya olunmuş onminlərlə insanımızın öz yurdlarına dönməsi və s. bu tipli məsələlər də müzakirə olunmalıdır. Yəni sadəcə sülh naminə müqaviləyə qol çəkməklə, "ərazi bütövlüyünü tanıyırıq" bəyanatı ilə, həmçinin sərhədlərin tələsik müəyyənləşməsi ilə iş bitmir. Sovet dönəmində qanunsuz şəkildə Ermənistana verilmiş torpaqlarımızın taleyi həllini tapmalıdır. Biz qalib ölkəyik və beynəlxalq aləmdə Türkiyə kimi müttəfiqimiz var. Ona görə də bu məqamlardan yararlanmalıyıq. Ermənilərin xisləti bəllidir. Paşinyanın "sülhə hazırıq", "Vaşinqtona sülh üçün gedirik" kimi açıqlamaları beynəlxalq aləmə xoş görünmək üçün ortaya atılmış ümumi sözlərdir. Faktiki olaraq hər gün erməni təxribatı ilə üzləşirik. Şərti sərhədlərdə Azərbaycan əsgərləri atəşə məruz qalır. Hələ də erməni siyasətçiləri torpaq iddiasındadır, Qarabağı "Artsax" adlandırırlar və "öz torpaqları" kimi bəhs edirlər. Belə bir dövlətlə sülh müqaviləsinin imzalanması məna kəsb etməyəcək. Vaşinqton, Brüssel, yaxud Moskva platformalarının fərqi yoxdur və Azərbaycan tələsməməlidir. Bütün maraqlarımız tam təmin olunanadək mübarizəmiz davam etməlidir. İlkin mərhələdə sərhədlərin dəqiqləşməsi üçün xəritələr müəyyən olunmalıdır. Azərbaycan tərəfi 1918-20-ci illərin xəritələrinə istinad etməlidir. 1975-ci ilin, yaxud 90-91-ci illərin xəritələrini əsas götürsək, yenə də ərazi itirmiş olacağıq". 


  T.Abbaslı əminliklə vurğulayıb ki, sülh müqaviləsi imzalanandan bir müddət sonra, bəlkə də elə həmin gün Ermənistan təxribatları başlayacaq: "Qarabağ, Naxçıvan iddialarını gündəmə gətirəcəklər. Hazırda erməni tərəfi sülh müqaviləsinə əlində saxladıqları ərazilərin qarant altına alınması kimi baxır. 1918-ci ildə İrəvan şəhəri onun qarşılığında Ermənistana güzəştə gedildi ki, bir daha torpaq iddiası ilə çıxış etməsinlər. Qarabağ və Naxçıvana iddia irəli sürməsinlər. Ermənilər öhdəliklərinə heç vaxt sadiq qalmadı. İndi qarşımızdakılar, masa ətrafında əyləşənlər həmin ermənilərdir. O baxımdan görüşlərdən heç bir irəliləyiş gözləmirəm".