Polkovnik: Sabitliyi pozmağa çalışanlar Azərbaycan və Türkiyə ilə üz-üzədir


"Alpan-2023" birgə təlimi əhəmiyyətli hadisədir

Hər iki qardaş ölkə istənilən təhlükəyə qarşı birgə müqavimət göstərmək əzmindədir

Regionda sabitliyi pozmağa çalışan qüvvələr Azərbaycan və Türkiyəni öz qarşılarında görəcəklər


  Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə "Alpan-2023" birgə təlimi keçirilir. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkəmizdə keçirilən təlimin ssenarisinə əsasən, aviasiya vasitələri bazalanma aerodromlarından uçuşlar həyata keçirərək şərti düşmənin hava hücumundan müdafiə, komanda idarəetmə məntəqəsi və cəmləşmə obyektlərinin uzaq və yaxın məsafədən məhvetmə tapşırıqlarını və digər epizodları icra ediblər. Təlimin keçirilməsində əsas məqsəd şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılmasıdır. 
  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov "Sherg.az"a bildirib ki, Azərbaycan Hərbi Hava Qüvvələri və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə keçirilən "Alpan-2023" birgə təlimi olduqca mühüm əhəmiyyətə malikdir. Polkovnikin sözlərinə görə, təlimdə aviasiya vasitələrinin şərti düşməni, ona məxsus obyektləri məhv etməsi həyata keçirilir ki, bu da şəxsi heyətin öz nəzəri biliklərini praktikada tətbiq etməsi, əməli şəkildə həyata keçirməsi baxımından önəmlidir:
"Bu gün dünyamızda Hərbi Hava Qüvvələrinin rolu böyükdür və bu rol getdikcə artır. Bura döyüş təyyarələri ilə yanaşı müxtəlif təyinatlı PUA-lar da daxildir. Biz 44 günlük Vətən müharibəsində həm PUA-ların, həm də aviasiyanın önəmini gördük. Hərbi Hava Qüvvələri tarixi zəfərin əldə edilməsinə böyük töhfə verdi. Hazırda ordumuzun gücləndirilməsi, onun ən müasir döyüş texnikası, aviasiya nümunələri ilə təmin edilməsi davam etməkdədir. Ümumiyyətlə, ordunun inkişafı və onun döyüş qabiliyyətinin yüksəldilməsi davamlı proses olduğu üçün burada “son hədd”, “son nöqtə” mövcud deyil. Çünki hərbi texnika sürətlə yeniləşir, modernləşir ki, bu da dəyişən tələblərə çevik şəkildə uyğunlaşmağı tələb edir. Onu da unutmayaq ki, bu gün regionda vəziyyət hələ də mürəkkəb olaraq qalır. Erməni separatizmi öz təxribatlarından əl çəkmir. Bu isə bizi məcbur edir ki, hər an düşmənin başını əzməyə, onun qalıqlarını darmadağın etməyə hazır olaq".
  Həmsöhbətimiz vurğulayıb ki, bu təlimlərin Türkiyə ilə birlikdə keçirilməsinin də böyük əhəmiyyəti var: 
"Birgə təlimlər hər şeydən öncə iki dövlətin birgə hərbi əməkdaşlığının nəticəsidir və bu əməkdaşlıq Şuşa bəyannaməsində açıq şəkildə öz əksini tapıb. Türkiyə müasir dünyamızın ən güclü dövlətlərindən biridir və Türkiyə ilə birgə təlimlər Azərbaycan Ordusunun döyüş qabiliyyətinin daha da yüksəlməsinə böyük fayda verir. Bu cür təlimlərin mütəmadi şəkildə təşkili imkan verir ki, istənilən təhdid və təhlükəyə adekvat reaksiya verək, bölgədə sülhün və təhlükəsizliyin təmininə nail olaq. Təbii ki, Azərbaycanla-Türkiyə arasında birgə təlimlər hərbi baxımdan mühüm əhəmiyyət kəsb etməklə yanaşı, siyasi baxımdan da mühüm əhəmiyyətə malikdir. Bu cür təlimlər bütün dünyaya Azərbaycanla Türkiyənin qardaşlığını göstərir. Habelə, birgə təlimlər göstərir ki, hər iki qardaş ölkə istənilən təhlükəyə qarşı birgə müqavimət göstərmək əzmindədir və regionda sabitliyi pozmağa çalışan qüvvələr Azərbaycan və Türkiyəni öz qarşılarında görəcəklər. Azərbaycan-Türkiyə hərbi təlimləri hər hansı üçüncü dövlətə qarşı yönəlməsə də, bu təlimlər bölgədə söz sahibinin məhz bu ölkələr olduğunu göstərir. Bu baxımdan, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini regionda sabitliyi pozmaq istəyən qüvvələrə ünvanlanan mesaj kimi dəyərləndirmək mümkündür. Bu baxımdan birgə hərbi təlimlər təxribatçı qüvvələr üçün çəkindirici amil rolunda çıxış edir ki, bu da regional sülhün qorunması, sabitliyin qorunub saxlanılması baxımından mühüm önəm kəsb edir".