Qərb platformasında mövqeyimiz güclənəcək

Azərbaycanın Ukraynanın bərpası konfransında iştirakı Qərblə eyni siyasi mövqedə olduğumuzu göstərir


"Böyük Britaniyada Ukraynanın bərpası konfransı keçirilir və Azərbaycan bu konfransda xarici işlər naziri səviyyəsində təmsil olunur". 

Bu barədə politoloq Məhəmməd Əsədullazadə deyib. Partiya təmsilçisi qeyd edib ki, Azərbaycan Ukraynanın Rusiya tərəfindən soyqırıma məruz qalan Buçanın bərpasında yaxından iştirak edəcək. 

Onun sözlərinə görə, Buçanın seçilməsi təsadüfi deyil: "1992-ci ildə Xocalı Rusiyanin 366-cı alayı tərəfindən ermənilərlə birgə Buçanın taleyini yasayib. Ukraynanın yaşadığını Azərbaycan 30 il bundan əvvəl yaşayıb. Təəssüf ki, Azərbaycanın dağıdılmış şəhər və kəndlərinin bərpası üzrə belə bir konfrans çağırılmadı. Buna rəğmən, Azərbaycanın belə bir konfransda iştirak etməsi bir növ mənəvi borcudur. Biz bu tribunadan Ermənistanın Azərbaycana qarşı eyniylə Ukraynadakı kimi dağılmış şəhərlər barədə məlumat verə bilərik.

Azərbaycanın Ukraynanın bərpası konfransında iştirakı Qərblə eyni siyasi mövqedə olduğumuzu göstərir. Rəsmi Bakı Ukrayna məsələsində Qərb platformasında siyasi-humanitar müstəvidə təmsil olunur. Bu, yeni dünya nizamında Azərbaycanın mövqeyini gücləndirəcək. Həmçinin ölkəmizə beynəlxalq siyasi dəstəyi artıracaq".

Müsahibimizin qənaətincə, Ukrayna-Rusiya müharibəsi Qərbin baxış bucağını dəyişib:

 "Beynəlxalq təhlükəsizlik sisteminin qurulması istiqamətində addımlar atılır. Azərbaycanda Cənubi Qafqazda yeni siyasi nizam yaratmaqla, Rusiya ilə qonşu ölkə olaraq Qərbin təhlükəsizlik və enerji siyasətində prioritet bir ölkədir. Ona görə də Azərbaycanın Qərblə əməkdaşlığı zəruridir. Ukraynanın bərpasında Azərbaycanın iştirakı ölkəmizin milli maraqlarına cavab verir. Azərbaycan bu gün məhz kollektiv Qərbin yanında yer almaqla, balans siyasətində korrektlərə gedir. Bu, yeni dünya nizamının çağırışlarına nizamlanır".