Ceyhun Bayramov Ermənistandan zəmanət istəyir

Laçın yolu şərtlə açılacaq


“Keçidi məhdudlaşdıranlar məhz ermənilər özləri olub. Bunu təxribata əl ataraq ediblər”


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib ki, Laçın sərhəd-buraxılış məntəqəsi təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb. Nazirin sözlərinə görə, 23 aprel tarixindən yüzlərlə erməni sakinin keçidi təmin olunub. C.Bayramov bildirib ki, erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyətin formalaşmasını Ermənistan həzm edə bilməyib. Bu, 15 iyun tarixində keçid məntəqəsinin atəşə tutulması ilə nəticələnib. Nəticədə baş vermiş təxribat Laçın sərhəd-buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib. Hazırda Azərbaycan tərəfi Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər görür. Eyni zamanda vurğulanıb ki, gələcəkdə bu kimi təxribatların təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanət verilməlidir. 
 
 Siyasi şərhçi Azər Niftiyev "Sherg.az"a açıqlamasında bildirib ki, uzun illər Ermənistana havadarlıq etmiş, 30 il ərzində həmsədr institutu adı altında səmərəsiz və qərəzli fəaliyyət göstərmiş ABŞ, Fransa və Rusiya bu gün də İrəvanı müdafiə edirlər. Ekspertin sözlərinə görə, xüsusən Fransanın fəallığı açıq ortadadır: "Təkcə Ermənistan yox, Fransa kimi ölkələr də Azərbaycanın qələbəsini və regionda öz lehinə çevirdiyi reallığı qəbul etmək istəmirlər. Ermənistan Baş naziri Nikol Paşinyan birmənalı olaraq Fransa kimi ölkələrin təlimatlarını icra edir. Çünki onu hakimiyyətə gətirənlər üzərinə öhdəlik qoyublar. Mövcud situasiyada Paşinyandan tələb olunur ki, Ermənistanın "təzyiq" altında olduğunu, Qarabağda ermənilərin "blokadaya" alındığını iddia etsin. Azərbaycan tərəfini əsassız ittiham etməklə, qıcıqlandırmaq və təhrik etmək məqsədi güdürlər. 
Bu da şübhəsiz, sülh prosesinin irəliyə doğru getməməsinə, Zəngəzur dəhlizinin işə düşməməsinə hesablanmış addımlardır. Nazir C.Bayramov haqlı olaraq vurğulayır ki, ermənilərin təxribatına kimi Laçın yolundakı sərhəd-keçid məntəqəsi maneəsiz fəaliyyət göstərib. Oradan keçən heç bir mülki erməniyə maneçilik törədilməyib. Normal yoxlanış prosedurunu keçənlər yollarına davam ediblər. Keçidi məhdudlaşdıranlar məhz ermənilər özləri olub. Bunu təxribata əl ataraq ediblər. Əlbəttə, erməni tərəfinin və onlara havadarlıq edənlərin məkrli siyasəti çox davam edə bilməz. Gec-tez Azərbaycanın reallıqları qəbul olunacaq və İrəvan sülhə imza atmağa məcbur qalacaq".