Fransa xalqı Makrona güvənmir

Prezidentin xarici siyasəti ölkəni daha böyük xaosa sürükləyir

“Hazırda Fransada baş verənlər həmin ölkə tarixinin ən utancverici, xoşagəlməz səhifəsi kimi tarixin yaddaşında qalacaq”


İyunun 27-də Fransanın Nanter şəhərində polis əməkdaşının 17 yaşlı Əlcəzair əsilli Fransa vətəndaşını güllələyərək öldürməsindən sonra başlayan kütləvi aksiya və iğtişaşlar davam edir. Nanterdə başlayan aksiyalara bir gün sonra Lill və Tuluza sakinləri də qoşulub. Polislə toqquşmalarda 719 nəfərin saxlanıldığı deyilir. Fransa daxili işlər naziri Jerald Darman 45 min polis və jandarmın aktiv şəkildə vəzifə başında olduğunu qeyd edib. Bundan başqa, Denan, Krua və Rube kimi şəhərlərdə iğtişaşlarla mübarizə aparmaq üçün komendant saatı tətbiq edilib. Prezident Emmanuel Makron ölkədəki etirazlarla bağlı Yelisey sarayında toplantı keçirib. Makron hökumət üzvlərinə ölkədə asayişin bərpası üçün tədbirlərin görülməsi ilə bağlı göstəriş verib. Dövlət başçısı Fransada baş verənləri anlamaq üçün uzunmüddətli işə başlamağı tələb edib: 

“Hökumət polisin və jandarmın tərəfində olacaq”. Onu da əlavə edək ki, Fransada etirazları lentə alan Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı da hücum edilib. Nəticədə müxbir və operator bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər. Azərbaycan tərəfi baş verənləri şiddətlə qınayıb və hadisəni yalnız azərbaycanlı jurnalistlərə deyil, ümumilikdə söz və ifadə azadığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edib: "Fransanın hüquq-mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik". 

Ekspertlərin qənaətincə, Fransadakı aksiyaların günü-gündən şiddətlənməsi və Makron hakimiyyətinin problemi həll etmək yerinə polis və jandarmları aksiya iştirakçılarının üzərinə göndərməsi faktiki olaraq rəsmi Parisin dövlət böhranı içərisində olduğunu göstərir. Halbuki nümayişçilərin tələbi 17 yaşlı Naelin qətlinin ədalətli araşdırılmasıdır. Makron hakimiyyətinin məsələyə laqeyd yanaşması, açıq şəkildə irqi, etnik və dini ayrı-seçkiliyi, dinc aksiya iştirakçılarına qarşı polis zorakılığından istifadə etməsi prosesləri daha da gərginləşdirir. Mövcud aksiyalar həm də dünyaya insan haqları, demokratiya dərsi keçən Fransanı içdən nə qədər çürümüş və neqativ ideologiyalarla bəslədiyinin göstəricisidir. Bu ölkə qeyri-fransızlara 2-ci, 3-cü dərəcəli vətəndaş kimi yanaşır. İslamafobiya, antisemitizm, neonasizm kimi neqativ tendensiyalar ilə içdən-içə çürüyür. Məhz cəmiyyətdə bu tipli bölünmənin yaratdığı qütbləşmə hazırda aksiyalar fonunda özünü göstərir. Fransadakı hazırkı böhranlı vəziyyət Makron rejiminin yarıtmaz siyasətinin bəhrəsidir. Etiraz aksiyaları fonunda Fransanın qərbində nümayişçilərlə ifrat sağçılar arasında toqquşmalar yaşanıb. Ümumiyyətlə, ultra-sağçı qrupun küçələrə çıxması Fransadakı aksiyaların motivini dəyişə bilər. Qəzəbli kütlənin başqa qəzəbli qrupla toqquşması prosesləri vətəndaş qarşıdurmasına, müdaxilə edilməyəcəyi təqdirdə isə vətəndaş müharibəsinə keçirər. 
Ehtimal ki, ultra-sağçı qrupun küçələrə çıxması və aksiyaçılarla toqquşması Makron hökumətinin planıdır. Polis və jandarmların ardınca Makronun ultra-mülkiyyətçiləri aksiyaçılara qarşı irəli sürməsi etirazların miqyasını böyüdəcək. Bu prosesdə Makronun istefası şüarlarının da səsləndirilməsi mümkündür. Makronun öz siyasətində türkofobiya və islamafobiya da açıq görünür. Onun bu günlərdə Daşnaksütyun partiyasının büro üzvü, Fransa erməni Təşkilatları Federasiyasının Koordinasiya Şurasının həmsədri, kriminal kimliyi ilə tanınan Murad Papazyanla görüşü, daha doğrusu, ona hesabat verməsi erməni millətçilərinin əlində alət olduğunu bir daha sübut etdi. Bu, Fransa rəhbərinin 44 günlük müharibə və müharibədən sonrakı dövrdə öz çirkin məqsədlərinə nail ola bilmədiyini təsdiqləyir. Makron etiraf edir ki, sülh danışıqlarında Azərbaycan Prezidentinə təzyiq göstərməyə çalışsa da, buna gücü çatmayıb. Prezident İlham Əliyev beynəlxalq siyasi arenada Azərbaycanın milli maraqlarını ardıcıl müdafiə edib və qoruyub, heç bir təzyiqi qəbul etməyib. Yəni Makron da Azərbaycan Prezidenti qarşısında aciz olduğunu etiraf edib. 
  
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a deyib ki, Fransada baş verən hadisələr bu ölkənin digər xalqlara qarşı həyata keçirdiyi dözümsüz münasibəti açıq-aşkar ortaya qoyur. Deputat vurğulayıb ki, dünyaya "insan hüquq və azadlıqları"ndan "dərs" keçməyə çalışan, özünü "demokratik dəyərlərə sadiq dövlət" kimi göstərmək istəyən, Ermənistanın böyük bacısı rolunda davamlı olaraq Azərbaycanı "etnik təmizləmədə" günahlandıran bir ölkənin özünün hansı mahiyyətə malik olduğu üzə çıxdı: "Fransada adi insan hüquqlarına belə əməl olunmur. Dünyanın hər bir ölkəsində medianın sərbəst fəaliyyət göstərməsi üçün hökumətlər tərəfindən zəruri tədbirlər görülür, təhlükəsiz şərait yaradılır. Media mənsubları istənilən ölkədə, xüsusən Avropa dövlətlərində sərbəst fəaliyyət göstərir, heç bir yerdə buna qarşı məhdudiyyət tətbiq olunmur. Fransada isə Azərbaycan televiziyasının əməkdaşlarına qarşı zorakılıq edilir, kameraları götürülür. Kameralar tələb edildikdə isə azərbaycanlı media nümayəndələrini silahla hədələyirlər. Hesab edirəm ki, bu həm də hazırkı Fransa Prezidenti Emmanuel Makronun siyasətini, hansı bacarığa və səriştəyə malik olduğunu göstərir. Həmçinin ona dəlalət edir ki, Fransa demokratik ölkə deyil. Çünki orada jurnalistlərin sərbəst fəaliyyəti üçün şərait yaradılmır".
Parlament üzvü qeyd edib ki, bununla yanaşı, Fransada günahsız insanlar qətlə yetirilir: "Fransada təşkil olunan etiraz aksiyalarında sadəcə müsəlmanlar deyil, hətta fransızlar da iştirak edirlər, öz narazılıqlarını açıq şəkildə bildirirlər. Günlərdir, qarşıdurma səngimir. Bu da fransızların öz hökumətinə etimadının, inamının itməsinin göstəricisidir. Fransa xalqı hazırkı prezidentə güvənmir. Biz bunu "sarı jiletlilər"in aksiyaları zamanı, pensiya islahatları dövründə də gördük. Etirazlar uzun müddət davam edəcək, çünki vətəndaşların haqlı tələbləri var. Hazırda Fransada baş verənlər həmin ölkə tarixinin ən utancverici, xoşagəlməz səhifəsi kimi tarixin yaddaşında qalacaq, tarix boyu qara səhifə kimi xatırlanacaq". Ceyhun Məmmədov əlavə edib ki, Fransa həm də Qarabağa sülhün gəlməsinə mane olan bir dövlətdir: "Ermənistanla yanaşı, Fransa da bölgədə sülhə zidd addımlar atır, rəsmi Bakıya təzyiq göstərməyə çalışır. Fransa Prezidenti erməni diasporası ilə görüşündə Azərbaycan haqqında xoşagəlməz ifadələr işlədir, sərsəm açıqlamalar verir. Yaxşı olar ki, Fransa öz daxilindəki hadisələrlə məşğul olsun, bizə demokratiya dərsi keçməsin". 

Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov da "Sherg.az"a bildirib ki, son vaxtlar Emmanuel Makronun yarıtmaz idarəçiliyi nəticəsində elə bir durum yaranıb ki, Fransa rəhbərinin xarici siyasət sahəsində atdığı hər bir addım artıq bu ölkənin öz əleyhinə çevrilir. Ekspertin fikrincə, Makronun Marsel şəhərində erməni icması ilə görüşdə növbəti dəfə Azərbaycan əleyhinə səsləndirdiyi, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirləri də qəbuledilməzdir: "Bu həm də Fransanın özünü ifşa etməsidir. Makronun sərsəm fikirləri göstərir ki, Fransa dövləti BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən və Avropa İttifaqının fəaliyyətdə olan sədri olmasından sui-istifadə edərək bu və ya digər ölkələrin, o cümlədən Azərbaycanın daxili işlərinə fəal surətdə müdaxilə edir. Ən təəccüblüsü də budur ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ bölgəsini ölkəmizin tərkib hissəsi kimi tanıdığını dəfələrlə bəyan etdiyi halda, Fransa Prezidenti ermənilərdən də artıq ermənilik edərək, anti-Azərbaycan çıxışları ilə gündəmə gəlir, ölkəmizin əleyhinə qərəzli bəyanatlar səsləndirir. Makron bölgədə qalıcı sülhün, əmin-amanlığın, sabitliyin bərqərar olmasına mane olmaqla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniləri açıq şəkildə separatçılıq və terrorçuluğa təşviq edir. Gördüyü işlər barədə Fransa Erməni Təşkilatları Federasiyasının Koordinasiya Şurasının həmsədri, daşnak Murad Papazyana hesabat verir. Makronun bu hərəkətləri təkcə beynəlxalq hüququn prinsiplərinə qarşı hörmətsizliyi deyil, bu həm də Fransa kimi bir dünya gücü üçün rəzalətdir". 
Analitikə görə, qlobal siyasətdə önəmli rol oynayan Fransanın bu gün məhz Makronun ucbatından erməni lobbisindən asılı vəziyyətə düşməsi ilk növbədə Fransanın özünü nüfuzdan salır və ona olan etimadı sarsıdır:

 "Bu ölkəyə artıq heç bir halda güvənmək olmaz. Azərbaycan Prezidenti İlham Əliyev tamamilə haqlı olaraq Fransa liderinin vasitəçilik rolundan kənarlaşdırılmasına və danışıqlar prosesindən təcrid edilməsinə nail olub. Makron yaxşı başa düşür ki, Azərbaycanla, onun lideri ilə diktə dili ilə danışa bilməz. O, erməni lobbisinin rəhbərlərindən biri olan M.Papazyana verdiyi hesabatında da bunu etiraf edib.

Azərbaycan-Ermənistan sülh danışıqları prosesində Vaşinqton və Brüssel formatlarını süni surətdə tormozlamağa və arxa plana salmağa çalışan, Cənubi Qafqaz regionunda təsir imkanlarına yiyələnərək özünü həlledici qlobal lider kimi təqdim etmək istəyən Fransanın dövlət başçısı Emmanuel Makronun xarici siyasəti məhz Azərbaycan liderinin qətiyyətli mövqeyi nəticəsində davamlı olaraq uğursuzluqla üzləşir. Başqa sözlə desək, Azərbaycan Makronu beynəlxalq hüquqa hörmətlə yanaşmağa məcbur edəcək".