“Qisas" əməliyyatı davam edəcək? 

Separatçılar yeni təxribatlara hazırlaşır

  Qarabağda baş vermiş təxribat Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü ərəfəsində bölgədəki qanunsuz hərbi birləşmələr tərəfindən məqsədyönlü şəkildə törədilmiş insidentdir. Şübhə yox ki, məqsəd sülh müqaviləsi istiqamətində Qərbin, daha doğrusu, ABŞ-nin dəstəyi ilə aparılan sülh danışıqlarına kölgə salmaqdır. Azərbaycan tərəfi əsgərimizin yaralanmasını cavabsız qoymadı. Ordumuzun icra etdiyi “Qisas” əməliyyatı nəticəsində qanunsuz hərbi birləşmələrin 5 üzvü məhv edildi. Lakin xəbərlər yayılır ki, qanunsuz hərbi birləşmələr tərəfindən yeni təxribatlara hazırlıqlar gedir. Əlbəttə, belə olarsa, adekvat cavab çox sərt olacaq. Qanunsuz birləşmələrin hərbi infrastrukturu məhv ediləcək. O da bəllidir ki, separatçıları təxribata rusiyalı sülhməramlılar təşviq edir. Qanunsuz birləşmələr sülhməramlıların nəzarətində fəaliyyət göstərirlər. Həmçinin bu təxribat ermənipərəst qüvvələrin, Avropa Parlamenti daxilində də bəzi dairələrin maraqlarına cavab verir. 
  Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Azərbaycan Ordusunun Qarabağda separatçıların təxribatına cavab addımları nəticəsində erməni terrorçular məhv edilib. Analitik vurğulayıb ki, separatçıların Vaşinqtonda üçtərəfli görüşün keçirildiyi vaxt təxribata əl atması “reinteqrasiya mümkün deyil”, “Azərbaycan ermənilərə hücum edir” görüntüsü yaratmağa hesablandığı bəllidir. Bakı isə cavab tədbirləri ilə ümumiyyətlə separatçıların “tərəf” edilməsi məsələsini qəbul etmədiyini, eyni zamanda ABŞ-nin dəstəklədiyi reinteqrasiyasını pozanların kim olduğunu göstərdi: "Azərbaycan separatçılara təslim olacaqları təqdirdə amnistiya təklifi irəli sürmüşdü. Bunu Vaşinqton dəstəkləmişdi. Dövlət başçısı İlham Əliyev amnistiya istəyinin beynəlxalq danışıqlarda gündəmə gəldiyini deyirdi. İstisna deyil ki, məsələnin bu cür qoyuluşunu istəyənlərdən biri də ABŞ olub. Vaşinqton danışıqları vaxtı Qarabağda baş verənlər Bakıya imkan verir ki, ABŞ administrasiyasına separatçıların amnistiya istəmədiyini və mümkün antiterror əməliyyatlarının həm də Vaşinqtonun gündəliyinə uyğun olduğunu izah etsin. Bu baxımdan, Qarabağda baş verənlər siyasi müstəvidə də Azərbaycanın xeyrinədir. Erməni terrorçuların Ağdərə və Xocavənddəki mövqelərinə zərbələrin endirilməsi isə hərbi müstəvidə mümkün perspektivi ön plana çıxarır. Qanunsuz erməni silahlı dəstələrinin mövqeləri əsasən bu bölgədədir. Onların çıxarılması öhdəliyi icra edilmirsə, Bakının praktik addımları xüsusilə bu istiqamətdə ola bilər. Bu istiqamətdə mümkün praktik addımlar Xocalının nəzarətə götürülməsinin də yolunu aça bilər. Separatçıların reinteqrasiyanın önünü kəsməsi, amnistiyadan imtina etməsi və təxribatları genişləndirməsi Qarabağ məsələsində artıq diplomatların yox, hərbçilərin danışmasını zərurətə çevirir".


  Ekspert vurğulayıb ki, separatçılar ordumuzun “Qisas” əməliyyatına görə Vaşinqton danışıqlarının dayandırılması üçün İrəvana müraciət edib: "Hərbçimizin yaralanması ilə nəticələnən təxribatın məqsədi bu müraciətlə daha da aydın olur. Xankəndidə qorxurlar ki, Vaşinqtonda Bakı və İrəvan irəliləyiş əldə edə bilər, təxribat hücumu ilə prosesi pozmağa çalışırlar. Sirr deyil ki, təxribatların idarəedicisi Vaşinqton prosesinin pozulmasında əsas maraqlı tərəf olan Rusiyadır. Ermənistanın da danışıqlardan yayınmaq üçün prosesdən yararlana biləcəyi gözləntisi var. İrəvan qondarma “Bakı-Xankəndi” formatını və “beynəlxalq mexanizm” istəyini əsaslandırmaq üçün baş verənlərdən istifadə etməyə çalışacaq. Paşinyanın Bakının “Qisas” əməliyyatı haqda dedikləri, “beynəlxalq ictimaiyyəti Qarabağdakı erməni əhalisinin “hüquq və təhlükəsizliyini” qorumağa çağırması” da bu ehtimalı artırır. Lakin İrəvanın danışıqlardan yayınması ümidlərin azaldığı sülh prosesinə zərbə olsa da, Moskva ilə birgə Vaşinqtonun təşəbbüsünün pozulmasına hesablanmış addım kimi qəbul olunacaq və bu, Bakının suveren ərazisində əməliyyatları genişləndirmək üçün beynəlxalq dəstəyin artması ilə nəticələnə bilər. Belə bir perspektivdə Rusiyanın proseslərə təsir edə biləcək səviyyədə müdaxilə imkanları da zəif görünür. Separatçıların yeni təxribata hazırlaşdığına dair məlumatlar var. Bu, “Qisas” əməliyyatının davamlı ola biləcəyi deməkdir".