Erməni spikerdən etiraf...

Avropa İttifaqı Ermənistana hərbi yardım göstərməkdən imtina edib

Çünki beynəlxalq təşkilat İrəvanın Ukrayna ilə müharibə aparan Rusiyanı dəstəklədiyini yaxşı bilir


  Avropa İttifaqı (Aİ) Ermənistana müdafiə qabiliyyətini artırmaq üçün nəzərdə tutulmuş xüsusi fonddan hərbi yardım göstərməkdən imtina edib. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Varşavaya səfəri zamanı səsləndirib. O, Aİ-nin bu imtinasından şikayətlənib. Simonyan bildirib ki, Ermənistan hökuməti inkişaf etməkdə olan ölkələrə hərbi texnika almağa kömək etmək üçün Aİ-nin 2021-ci ildə yaratdığı Avropa Sülh Fondundan "texniki yardım" istəyib: “Aİ bu mexanizm vasitəsilə Ukrayna, Moldova və Gürcüstana yardım ayırır. Təəssüf ki, Aİ-nin Ermənistanla Azərbaycan arasında münasibətləri yaxşılaşdırmaq üçün vasitəçilik səyləri göstərməsi, habelə “münaqişə həssaslığı” məsələsi əsas gətirilərək Ermənistanın müraciəti rədd edilib. Bir daha demək istəyirəm ki, söhbət Ermənistanın müdafiə qabiliyyətinin artırılmasına yönəlmiş texniki yardımdan gedir”.

  Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov "Sherg.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqı Ermənistanın Ukrayna ilə müharibə aparan Rusiyanı dəstəklədiyini yaxşı bilir. Polkovnik vurğulayıb ki, bir işğalçı dövlətin digər işğalçı ölkəni dəstəkləməsi bilinən reallıqdır: "Ermənistan Rusiyanı sadəcə dəstəkləməklə qalmır, eyni zamanda xəbərlər yayılır ki, Ukrayna ilə savaşmaq üçün öz taborunu, erməni batalyonunu göndərir. Ermənistan tərəfi bunu ört-basdır eləməyə çalışsa da, videogörüntülər, fotolar yayıldı. Həmçinin ermənilərin "qadınlar batalyonu" ortaya çıxdı və məlum oldu ki, o da Ukrayna döyüşlərində iştirak üçün məqsədyönlü təşkil olunub. Görünür, bu məqamlar nəzərə alınaraq, Avropa İttifaqı Ermənistana hərbi yardım göstərməkdən imtina edib. Deməzdim ki, Aİ-nin ikili standartlarına birdəfəlik son qoyulub, çünki bu gün də İttifaqın qərəzli yanaşmalarını, Azərbaycana münasibətdə ikili mövqeyini müşahidə edirik. Amma Avropa nə qədər ermənipərəst olsa da, Ukrayna faktorunu, Ermənistanın KTMT üzvü olmasını nəzərə alaraq, İrəvanın yardım təklifini geri çevirib. Aİ-nin müəyyən qırmızı xətti var ki, onu keçə bilmir. Rusiyanın Ermənistanda hərbi bazası var. Avropa İttifaqı hansı əsasla Ermənistana hərbi yardım göstərməlidir? Çox güman, Ermənistan da hansı cavabı alacağını bilirdi. Sabah hansısa proseslərdə bəhanə gətirəcəklər ki, "biz Aİ-yə müraciət etdik, ancaq rədd cavabı aldıq". Belə niyyətləri də ola bilər".