Tehranın "Zəngəzur dəhlizi" xofu

İran-Azərbaycan əlaqələrinin normallaşması Bakıdan deyil, Tehrandan asılıdır


  İyulun 5-də Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianı qəbul edib. Qoşulmama Hərəkatına uğurlu sədrliyi münasibətilə Azərbaycanı təbrik edən İranın xarici işlər naziri ölkəmizin sədrliyi dövründə Hərəkatın davamlı və dinamik surətdə inkişaf etdiyini vurğulayıb. Hüseyn Əmir Abdullahian Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının nazirlər görüşünün açılış mərasimindəki çıxışında çox vacib məqamlara toxunduğunu deyərək bu tədbirin əhəmiyyətini qeyd edib. Onun gündəliyindəki çox vacib məsələlərin müzakirə olunduğunu vurğulayıb. İranlı nazir ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafında müsbət dinamikanın olduğunu deyib. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsində Azərbaycanla İranın mühüm rol oynadığını diqqətə çatdırıb. Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirən nazir Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə edib. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu bildirib. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatında rolundan və onun təsisatlanması istiqamətində həyata keçirdiyi işlərdən danışıb. Söhbət zamanı iqtisadi-ticari əlaqələrin son dövrlərdə artan dinamikası məmnunluqla qeyd edilib. Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Hər iki ölkənin aidiyyəti nümayəndə heyətlərinin yaxın vaxtlarda görüşünün keçiriləcəyi müsbət hal kimi qeyd olunub.
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, İran Tehranda Azərbaycan səfirliyinin işinin bərpasına və münasibətlərin normallaşmasına çalışır. Amma üzərinə düşən heç bir işi yerinə yetrirmir. Analitik hesab edir ki, İran Azərbaycan əlaqələrinin normallaşması üçün ilk növbədə Tehran rejimi Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən geri çəkilməlidir. Həmçinin səfirliyə terror hücumu ilə bağlı baş verənləri obyektiv olaraq ortaya qoymalıdır: 
"Bəllidir ki, səfirliyimizə hücumun arxasında Tehran rejimi özü durduğu üçün aydınlıq gətirməyəcək. Zəngəzur dəhlizi ilə bağlı mövqeyindən geri çəkilmək niyyətində deyil. Ona görə də iki ölkə arasında münasibətlərin normallaşması gözlənilmir. Həmçinin İranın Azərbaycana qarşı hibrid və informasiya müharibəsi davam edir. İranın xarici işlər naziri Bakıda danışıqlar prosesində müəyyən razılaşma əldə edilsə də, Tehran rejimi, xüsusilə, SEPAH və mühafizəkar qrup Azərbaycanla bağlı mövqelərindən geri çəkilməyəcək. İran-Azərbaycan əlaqələrinin normallaşması Bakıdan deyil, Tehrandan asılıdır. Tehran rejimi isə bütün informasiya resurslarında və siyasi bəyanatlarda problemin səbəbinin rəsmi Bakıdan qaynaqlandığını göstərməyə çalışır, siyasi spekulyasiya edir. Bu da göstərir ki, Tehran siyasi əlaqələrin inkişafında səmimi deyil. Azərbaycan Tehranda səfirliyinin işini bərpa etsə belə, İranın Azərbaycana yönəlik siyasətində dəyişikliklər ehtimalı azdır".