İsveç yol xəritəsi təqdim edəcək - Ərdoğan

İsveç NATO-ya üzv olmaq üçün ilkin şərt olaraq terrorla mübarizəyə dair yol xəritəsi təqdim edəcək.


Bakupost.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

“İsveç tərəfindən götürülmüş öhdəliklərə uyğun olaraq, biz nazirlər səviyyəsində ikitərəfli təhlükəsizlik mexanizmi çərçivəsində və terrorla mübarizədə əməkdaşlığı gücləndirəcəyik. İsveç terrorçu qruplarla mübarizə üçün “yol xəritəsi” təqdim edəcək”, - deyə Ərdoğan bildirib.


O, İsveçin Türkiyənin Avropa İttifaqına daxil olmasına, gömrük razılaşmasının uzadılmasına və Aİ ilə vizasız rejimə keçidinə dəstək verəcəyinə ümid etdiyini vurğulayıb.


Ərdoğan əlavə edib ki, Türkiyə parlamenti İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu oktyabrda “prioritet məsələ” edəcək.


Qeyd edək ki, Türkiyənin Parlamenti hazırda iki aylıq məzuniyyətdədir. Protokol təsdiq olunduqdan sonra imzalanması üçün Rəcəb Tayyib Ərdoğana göndəriləcək.