Zəngəzur dəhlizinin açılması prinsipial xəttimizdir - Fəzail Ağamalı

Prezident Çinin böyük auditoriyasında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tam mənzərəsini yaratdı



  Prezident İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibə verib. Dövlət başçısının müsahibəsi iyulun 22-də “China Global Television Network” televiziya kanalında yayımlanıb. Ölkə başçısı Çin media qurumuna geniş müsahibəsində bir çox məsələdən danışıb. Prezident İlham Əliyev müsahibəsində Ulu Öndərin Çin-Azərbaycan dostluğunun təməlini qoymasından, 1990-cı il hadisələrindən, dövlətimizin inkişaf yolundan, həmçinin Azərbaycanın coğrafi üstünlüklərindən, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşməsindən, "Bir kəmər, bir yol" layihəsindən ətraflı bəhs edib. Dövlət başçısı Azərbaycan və Ermənistan arasında sülh danışıqlarından, görüşlərdən və bugünədək əldə olunmuş nəticələrdən də söz açıb. Prezident vurğulayıb ki, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdı: "Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır". Ölkə başçısı bəyan edib ki, bundan sonra razılaşma əldə oluna bilər: "Düşünürəm ki, əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik. Bu, həqiqətən, mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar". Prezident Qarabağda yaşayan ermənilərdən də danışıb: "Azərbaycandakı erməni azlığına gəldikdə, biz artıq rəsmən bəyan etmişik ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyası əsasında lazımınca qorunacaq. Bununla belə, Azərbaycan onlarla etnik qrupun, o cümlədən ermənilərin yaşadığı ölkədir. Bizim dini və ya etnik zəmində heç zaman hər hansı problemimiz olmayıb". 
  
Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Sherg.az"a deyib ki, iyulun 22-də Prezident İlham Əliyevin Çinin “China Global Television Network” nüfuzlu telekanalında yayımlanan müsahibəsi tamaşaçılarda böyük maraq doğurub. Deputat diqqətə çatdırıb ki, müxbirin bəşəriyyətin nadir tarixi şəxsiyyətlərindən olan Heydər Əliyevlə bağlı verdiyi suallara dövlət başçısı tutarlı və təkzibolunmaz arqumentlərlə aydınlıq gətirib. Milyardlıq Çin auditoriyasına Ulu Öndərin dolğun siyasi portretini uğurla təqdim edib: "Müsahibədə istər sovet hakimiyyəti, istərsə də müstəqillik qazandığımız illərdə Heydər Əliyevin yüksək təşkilatçılıq istedadı və qibtə olunacaq intellekt sahibi kimi səciyyələndirilməsi olduqca cəlbedici idi. Xüsusilə, sovet qoşunlarının Bakıda 1990-cı ilin 20 yanvarında törətdiyi qətliama qarşı böyük rezonans doğuran cəsarətli bəyanatı, müstəqilliyimizin ilk illərində Azərbaycanın düşdüyü ağır və fəlakətli durumdan çıxarılmasında və müasir Azərbaycan dövlətçiliyinin yaranmasında oynadığı müstəsna rol Ulu Öndərimiz haqqında həqiqətlər çoxmilyonlu Çin tamaşaçılarında ciddi maraq yaradacağı şübhə doğurmur. Müsahibədə Azərbaycan-Çin münasibətlərinin durmadan inkişaf etməsi, Azərbaycanın Qərb-Şərq və Şimal-Cənub  nəqliyyat dəhlizində tutduğu önəmli mövqe, nəhəng “Bir kəmər, bir yol” layihəsində ölkəmizin orta dəhliz şəbəkəsində oynadığı əhəmiyyətli rol və bu baxımdan Zəngəzur dəhlizinin açılmasında nümayiş etdirdiyi prinsipial xətt ölkə rəhbəri tərəfindən olduqca aydın və inamlı şəkildə şərh olundu". 
  Parlament üzvü qeyd edib ki, Çin üçün olduqca vacib əhəmiyyət kəsb edən “Bir kəmər, bir yol” layihəsində ölkə prezidentinin qətiyyətli iradəsinin nümayiş etdirilməsi Azərbaycan-Çin münasibətlərinin möhkəmləndirilməsini şərtləndirən mühüm amillərdən biridir: "Dövlət başçısı bütün platformalarda olduğu kimi, Çinin nəhəng telekanalının yaratdığı imkandan da yararlanaraq böyük auditoriyada Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tam mənzərəsini yaratdı. Qərb ölkələrində məskunlaşan erməni diasporunun maliyyəsi ilə ələ alınan siyasətçilərin, dövlət xadimlərinin, mətbuatın, QHT və parlamentarilərinin Azərbaycana qarşı vahid cəbhədə birləşərək Azərbaycanfobiya yaratmalarının oynadığı məkrli rolu cəsarətlə tamaşaçılara təqdim etdi. Şübhəsiz, ölkə Prezidenti cənab İlham Əliyevin “China Global Television Network” televiziya kanalında yayımlanan müsahibəsi geniş erməni informasiya şəbəkələrinin ölkəmiz haqqında böhtan və qərəzli uydurmalarına vurulan ağır zərbə kimi ciddi əhəmiyyət kəsb etməkdədir".