Paşinyan sülh sazişinə imza atacaq - Samir Əsədli

İrəvan gedişatı görür, çıxış yolunun olmadığını anlayır

“Ermənistanın iqtisadi inkişafı Azərbaycanla bağlanacaq sülh müqaviləsindən və Türkiyə ilə əlaqələrin bərpasından asılıdır. Görünən odur ki, Paşinyan avantürizmdən əl çəkməyə çalışır”


  Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Bakı danışıqlar masasında heç vaxt Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyini müzakirə etməkdən imtina etməyib. Həmçinin baş nazir vurğulayıb ki, Ermənistanla Azərbaycan bir-birinə etibar etmir. Onun sözlərinə görə, bu inamsızlığı aradan qaldırmaq üçün addımlar atılmalıdır. Paşinyan deyib ki, Ermənistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin bu, heç də həmişə bəyan edilməyib və qeydə alınmayıb: “Təəssüf hissi ilə bildirirəm ki, dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın”. Paşinyan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndələrinin bəyanatlarını oxuyub. O, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə, ATƏT-in Minsk qrupunun keçmiş fransalı həmsədri Stefan Viskontiyə və ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair illik hesabatından sitatlara istinad edib: “Separatçılar Ermənistanın köməyi ilə Dağlıq Qarabağın böyük hissəsini və Azərbaycanın daha 7 rayonunu nəzarətdə saxlamaqda davam ediblər”.   Ermənistan Baş naziri hesab edir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesində Rusiya tərəfinin fəallığı obyektiv səbəblərdən azalıb. O, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevin son səfəri zamanı yeni təkliflərlə çıxış etmədiyini bildirib. Bununla belə, Paşinyan danışıqların lazım olduğuna diqqət çəkib. Eyni zamanda o, Avropa və ABŞ-nin bu məsələdə fəal olduqlarını əlavə edib. Paşinyan onların prosesə verdikləri töhfələri yüksək qiymətləndirib. Qeyd edək ki, Nikol Paşinyan ötən gün Fransanın "Le Monde" nəşrinə açıqlamasında başqa cür danışmışdı, amma mətbuat konfransında nisbətən fərqli çıxışlar edib. Görünür, xarici auditoriyaya bir cür, daxilə başqa formada danışır. 

  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyan hökuməti Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etməsinin və yekunda müqavilə imzalanmasının tərəfdarıdır. Siyasi şərhçinin sözlərinə görə, Paşinyan və onun yaxın ətrafı, həmçinin Ermənistanda olan ağıllı adamlar, sağlam düşüncəli insanlar fərqindədirlər ki, Qarabağ Azərbaycan ərazisidir. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır: "İstənilən halda Qarabağda həyatını davam etdirmək istəyən ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanımalı, vətəndaşlığı qəbul etməli və ölkəmizin qanunları ilə davranmalıdırlar. Bunun heç bir alternativi yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək və nəzarəti tam həyata keçirməkdə maraqlıdır. İrəvan da gedişatı görür, çıxış yolunun olmadığını anlayır. Ermənistan ya sülh müqaviləsinə imza ataraq inkişaf yoluna qədəm qoymalı, dünyaya inteqrasiya etməlidir. Ya da avantürist əməllərə davam etməklə dövləti və erməni toplumunu məhvə sürükləməlidir. Ermənistanın iqtisadi inkişafı Azərbaycanla bağlanacaq sülh müqaviləsindən və Türkiyə ilə əlaqələrin bərpasından asılıdır. Görünən odur ki, Paşinyan avantürizmdən əl çəkməyə çalışır. Müəyyən mənada istəyir ki, sülh əldə olunsun. Baş nazir Azərbaycanın bölgədəki rolunu, nüfuzunu, Qərb-Şərq arasında tranzit mövqeyini dərk edir". 

S.Əsədli vurğulayıb ki, Ermənistanın daxilində olan revanşist qüvvələr, radikallar, uydurma erməni tarixinə inanaraq onunla hərəkət edənlər reallıqları qəbul etmək istəmirlər: "Paşinyan məhz bu səbəbdən ara-sıra, xüsusən daxili auditoriyaya yönəlik çıxışlarından nisbətən sülhə zidd açıqlamalar vermək məcburiyyətində qalır. Ermənistanda avantüra ilə yaşayanların, revanşistlərin sayı kifayət qədər çoxdur. Sarkisyan-Koçaryan cütlüyünə, o cümlədən "Daşnaksütyun"a aldanmış erməniləri mövcud həqiqətlərə inandırmaq çətindir və vaxt tələb edir. Əslində isə İrəvan hökuməti çox gözəl bilir ki, növbəti müharibə üçün Ermənistanın siyasi, iqtisadi və hərbi gücü yoxdur. Azərbaycan Ordusu istənilən vaxt Qarabağda antiterror əməliyyatlarına başlaya bilər. O baxımdan hesab edirəm ki, sülh müqaviləsi gec-tez bağlanacaq və Paşinyan bu sənədə imza atacaq. Prosesin uzanması isə birbaşa Ermənistanın öz ziyanınadır".