Qərb artıq reallıqlarla barışıb - Politoloq

Baş nazirin manevr imkanları çox məhduddur

Paşinyan anlamalıdır ki, bu gün onu sağa-sola dartanlar sabah asanlıqla qurban verəcəklər


  Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Qarabağ xalqının taleyini həll edə bilməz. Baş nazir vurğulayıb ki, Qarabağ xalqının hüquqları və təhlükəsizliyi Qarabağ xalqının nümayəndələrinin iştirakı ilə beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi dialoqu formatında müzakirə edilməlidir. Qarabağla bağlı "beynəlxalq mexanizm" və "Bakı-Xankəndi" arasında dialoq dəfələrlə gündəmə gətirilib. Bir sıra analitiklərin fikrincə, Paşinyanın məqsədi sülh prosesində nəyəsə nail olmaq yox, prosesi əvvəlki kimi dalana, çıxmaza dirəməkdir. 

Politoloq Tofiq Abbasov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan problemin həllini tapmasını, sülh müqaviləsinin imzalanmasını istəmir. Analitik hesab edir ki, atılan addımlar və verilən ziddiyyətli bəyanatlar da göstərir ki, İrəvan danışıqların nəticə verməsində maraqlı deyil: "Məncə, Nikol Paşinyan öz hayındadır. Yəni ilk növbədə Ermənistanın rifahını deyil, özünün hakimiyyətini düşünür və bəzi addımlarla hakimiyyətini möhkəmləndirməyə çalışır. Xaricdən aldığı dəstəklə həm dirəniş göstərir, həm də proseslərə yön verməyə səy göstərir. Əlbəttə, Paşinyanın öz yaxasını kənara çəkməsi, "beynəlxalq mexanizm" oyununu ortaya atması çox yanlış və özünü doğrultmayan yanaşmadır. Çünki Ermənistan bölgə dövlətidir və Azərbaycanın qonşuluğundadır. Paşinyan anlamalıdır ki, bu gün onu sağa-sola dartanlar sabah asanlıqla Baş naziri qurban verəcəklər. Ümumiyyətlə, Cənubi Qafqazda Ermənistan Qərb üçün əvəzolunmaz subyekt deyil. İrəvan bu cür addımlarla bütün etimadını itirə-itirə gedir. Regionda maraqlı olan ölkələrdən biri Fransadır. Prezident E.Makron Ermənistanın əli ilə özünə bölgədə yer etmək niyyəti güdür. Çünki dünyada nəhəng dövlətlər arasında ciddi proseslər gedir. Super güclər təsir dairələrini dəyişdirməyə çalışırlar. Paşinyan isə elə düşünür ki, Qərb üçün vazkeçilməzdir".
  
T.Abbasov vurğulayıb ki, Ermənistan rəhbərliyi təhdid və riskləri düzgün dəyərləndirməyi bacarmalıdır: "Əfsuslar ki, Paşinyan bunu anlamır. Digər dövlətlərin Ermənistana borclu olduğunu düşünür, özünü əvəzedilməz fiqur kimi görür. Elə deyil. Baş nazirin manevr imkanları çox məhduddur, sıfıra bərabərdir. Çünki qarşısında Azərbaycan var. Hətta qardaş Türkiyə də İrəvana bir aylıq vaxt verib ki, rəsmi Bakı ilə sülh imzalasın. Bu, sadə xəbərdarlıq deyil. Dəfələrlə birmənalı vurğulanıb ki, Qarabağ Azərbaycan ərazisidir və orada baş verənlər daxili işimizdir. Burada hansı "beynəlxalq mexanimzdən" söhbət gedə bilər?! Bunların hamısı vaxt udmaq üçün düşünülmüş ssenarilərdir".