Lavrovun dilindən çıxmayanları da yazırlar - Şərh

Fuad Abbasov: "Rusiya mətbuatı ölkə ictimaiyyətinə rəsmi dairələrdən fərqli məlumatlar verir"

  Ötən gün Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü öncəsi Rusiya XİN başçısı Sergey Lavrovun köməkçisinin ona xəbərdarlıq edərək, “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” ifadəsinin azərbaycanlıların xoşuna gəlməyəcəyini deməsi mikrofonun açıq qalması səbəbindən ictimailəşmişdi. Üçtərəfli görüş öncəsi bu xəbərdarlıqdan sonra çıxış edən Sergey Lavrov bir dəfə də olsun nəinki “keçmiş DQMV”, hətta “Dağlıq Qarabağ” sözündən də istifadə etməyib. Üçtərəfli görüşdən sonra mətbuata geniş açıqlamasında da Lavrov Qarabağın adını dəfələrlə çəksə də, “dağlıq” sözünü işlətməyib. Ancaq qəribədir ki, Rusiyanın dövlət agentlikləri və təbii ki, erməni mediası S.Lavrovun işlətmədiyi sözü onun çıxışına əlavə ediblər və "Dağlıq Qarabağ" yazıblar. Xatırladaq ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur, 44 günlük müharibədəki qələbədən sonra Qarabağ iqtisadi rayonu rəsmiləşib. “Dağlıq Qarabağ” ifadəsi münaqişənin olduğunu xatırladan siyasi termin kimi istifadə edilir ki, bu da münaqişənin artıq keçmişdə qaldığını elan edən Azərbaycanın siyasi mövqeyinə qətiyyən uyğun deyil.
  Siyasi şərhçi, tanınmış jurnalist Fuad Abbasov "Sherg.az"aaçıqlamasında bildirib ki, Rusiyada erməni lobbisi çox güclüdür. Onun sözlərinə görə, bunu təmin edən Rusiyadakı erməni diasporasıdır: "Başda "Rusiya Erməniləri İttifaqı"nın rəhbəri, milyarder Ara Abramyan olmaqla erməni diasporu Rusiyanın bir çox sahələrində aktivliyini qoruyur. Ən başlıcası da media sahəsidir. Demək olar ki, bütün nazirliklərin, təşkilatların səhifələrində qondarma "Stepanakert", uydurma "Artsax", "Martuni", "Dağlıq Qarabağ" və s. adlar hələ də istifadə edilməkdədir. Azərbaycan tərəfi dəfələrlə bununla bağlı çağırış edib, etirazını bildirib ki, sözügedən adlardan istifadə olunmasın. Ancaq hələ də buna davam edilir. Uzağa getməyək, Rusiya sülhməramlı kontingentinin Rusiya Müdafiə Nazirliyinin saytında ayrıca səhifəsi var. Həmin səhifədə "Stepanakert", "Dağlıq Qarabağ" ifadələri yer almaqdadır. Bu onu göstərir ki, Rusiya mətbuatı ölkə ictimaiyyətinə rəsmi dairələrdən fərqli məlumatlar verir. Bir xüsusa da diqqət yönəltmək istəyirəm. Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq Forumda Rusiyanın "İTAR-TASS" Agentliyinin sədr müavini Mixail Qusmanın sualına cavabında vurğuladı ki, "Rusiyada media orqanlarının sərgilədəyi mövqedən asılı olmayaraq, Rusiya və Azərbaycan arasında müsbət əlaqələr mövcuddur". Yəni Rusiya mediası nə yazır-yazsın, bu, heç vaxt Rusiya-Azərbaycan dövlətlərarası əlaqələrinə mənfi təsir göstərməyəcək. Bunu ölkənin birinci şəxsi - Prezident İlham Əliyev səsləndirib. Məncə, bununla əsas fikir söylənmiş olur və erməni lobbisinin səyləri nəticə vermir. Ən azından Azərbaycan ictimaiyyəti üçün nəticəsi yoxdur. Lakin rus ictimaiyyəti üçün ciddi nəticəsi var. Bunun da qarşısını Rusiyadakı Azərbaycan diasporunun genişmiqyaslı fəaliyyəti ilə almaq mümkündür. Əfsuslar ki, bu istiqamətdə fəaliyyət çox zəifdir".