Moskva görüşündə irəliləyiş gözlənilmirdi  - Politoloq

Samir Hümbətov: "Sirr deyil ki, nisbətən real nəticələrin əldə olunduğu platforma Vaşinqton və Brüssel olub"


  İyulun 25-də Moskvada  Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirildi. Görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olundu. Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, hərbi təxribatlar barədə ölkəmizin mövqeyini bir daha diqqətə çatdırdı. C.Bayramov bölgədə humanitar vəziyyətə dair səsləndirilən iddiaların tamamilə əsassız olmaqla yanaşı, bu iddiaların siyasi manipulyasiya olduğunu vurğuladı. Laçın yolundan hərbi məqsədlər, habelə Azərbaycanın təbii sərvətlərinin qanunsuz daşınması üçün sui-istifadə hallarına qarşı tədbirlərin Azərbaycanın suveren hüququ olduğunu bildirdi. Görüş zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin yenidən bir araya gəlməsi barədə fikir mübadiləsi də aparıldı. Rusiya XİN başçısı Sergey Lavrov görüşdən sonra mətbuata açıqlamasında vurğuladı ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları dövlət başçıları səviyyəsində davam etdiriləcək: "1991-ci ildə Almatıda keçmiş sovet respublikalarının rəhbərləri tərəfindən imzalanmış Bəyannaməyə tam uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü kontekstində Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi problemi ən həssas məsələ olaraq qalır. Bəyannamənin effektivliyi bu gün Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən təsdiqlənib. Buna uyğun olaraq sülh müqaviləsi üzərində iş aparılır. Ermənistan tərəfi müvafiq qanunvericilikdən və beynəlxalq öhdəliklərdən, o cümlədən milli azlıqların hüquqlarının təmin edilməsinə dair çoxsaylı konvensiyalardan irəli gələn hüquqlar barədə razılığa gəlmək üçün Qarabağ ermənilərini mümkün qədər tez Azərbaycan nümayəndələri ilə görüşməyə inandırmağın zəruriliyini başa düşür”. Lavrov əlavə edib ki, Azərbaycan tərəfi öz ərazisində yaşayan şəxslərə münasibətdə qarşılıqlı əsasda eyni zəmanətləri verməyə hazırdır: “Məsələlər sadə deyil. Ümid edirəm, müzakirələr bu və digər sahələrdə danışıqlar prosesinə müsbət təkan verməyə kömək edəcək".
  Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin sosial şəbəkə hesabında yazıb ki, iyulun 25-də Moskvada keçirilən üçtərəfli görüşü Ermənistan-Azərbaycan nomallaşma prosesi kontekstində zəruri mərhələ oldu. Onun fikrincə, danışıqlar müsbət qiymətləndirilməlidir: "Sergey Lavrovun Azərbaycan və Ermənistandan olan həmkarları ilə danışıqları asan keçməsə də, faydalı oldu". Karasin qeyd edib ki, rəsmi Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlar prosesinin çətinliklərinə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyü kontekstində Qarabağın erməniəsilli əhalisinin hüquqları və təhlükəsizliyi nəzərə alınmaqla, Moskva görüşünü zəruri və vaxtında baş tutan mərhələ hesab etmək olar: "Tərəflər baş nazirlərin müavinləri səviyyəsində regionda kommunikasiyaların açılması üzrə yaradılmış üçtərəfli işçi qrupun səylərini davam etdirmək barədə razılığa gəliblər". 
  Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Samir Hümbətov "Sherg.az"a açıqlamasında deyib ki, əfsuslar ki, Moskvanın təşkil etdiyi budəfəki üçtərəfli görüşdə də nəticə əldə olunmadı. Analitikin sözlərinə görə, onsuz da Rusiyanın təşəbbüsü ilə baş tutan XİN başçılarının üçtərəfli müzakirələrindən ciddi nəticənin hasil olacağı gözlənilmirdi: 

"Sirr deyil ki, nisbətən real nəticələrin əldə olunduğu, tərəflərin bir-birinə yaxınlaşdığı platforma Vaşinqton və Brüssel olub. Moskva təmaslarında isə irəliləyiş baş verməyib. Nəzərə alaq ki, Rusiyada XİN rəhbərləri arasında çoxsaylı görüşlər keçirilib. Ancaq hər görüşdə saatlarla davam edən müzakirələrdə tərəflərin hansısa məsələdə ortaq mövqeyə gəlməsi mümkün olmayıb. O baxımdan üçtərəfli görüşü uğur hesab etmək doğru deyil. Sadəcə, Sergey Lavrovun çıxışında "Dağlıq Qarabağ" ifadəsini işlətməməsini müsbət saymaq olar. Əslində bu, elə də olmalıdır. Lavrovun və digər şəxslərin də borcudur ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar. Azərbaycanda artıq "Dağlıq Qarabağ" adlı ərazi vahidi yoxdur. Rusiya rəsmiləri də Qarabağ və Şərqi Zəngəzur sözlərindən istifadə etməlidir. Moderator qismində çıxış edən Moskva ilə yanaşı, İrəvan da problemin tam həllinə gəlib çıxa bilmir. Ermənistan provokativ əməllərini davam etdirdikcə, görüşlərdə selektiv nəticənin olması inandırıcı deyil".