Qərbin növbəti siyasi riyakarlığı: "Ölən Minsk qrupu" - Millət vəkili

Elman Məmmədov: "ABŞ və Avropanın Cənubi Qafqazda Rusiyanı əvəzləməsi bizim üçün heç də Moskvadan az zərərli deyil"

  Bəzi Qərb ölkələri tarixə qovuşmuş ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpa edilməsi istiqamətində cəhdlər göstərirlər. Təəssüf ki, belə cəhdlər okeanın o tayındakı bəzi mərkəzlər tərəfindən də dəstəklənir. Bu, Qərbin siyasi riyakarlığının təzahürüdür. Bütün bunlar Cənubi Qafqazın sülh regionuna çevrilməsini daha da mürəkkəbləşdirir. Böyük güc mərkəzləri beynəlxalq hüququ və qlobal siyasi dəyərləri istismar edərək gözdən salırlar. Rusiya-Ukrayna müharibəsi kontekstində bu, daha aydın görünür. Qərbin Ukrayna məsələsi ilə bağlı Rusiya ilə separat danışıqlara başlaması və əks-hücum əməliyyatları üçün Ukraynaya kifayət qədər silah tədarük etməməsi onun siyasi riyakarlığını bir daha sübut edir. Prezident V.Zelenskinin istədiyi silahlar verilmir. Amma bununla yanaşı Qərb Ukraynadan son əsgərə qədər döyüşməsini gözləyir. Bu ağır vəziyyətin fonunda Qərb və Rusiya arasında Ukraynanın bölünməsi istiqamətində iş gedir. Kollektiv Qərb Ukrayna xalqının faciəsi hesabına Rusiya ilə hərbi-siyasi hesablaşma aparır. Eyni qaydada dünyanın ən fərqli coğrafiyalarında, fərqli platformalarda bir-biri ilə savaşan Rusiya və kollektiv Qərb Ermənistan-Azərbaycan məsələsində bir araya gələrək əməkdaşlıq etməyə hazır görünürlər. Ancaq bu, mümkün olmayacaq. Çünki Azərbaycan öz müttəfiqləri ilə birlikdə əsla tarixin arxivinə göndərdiyi Minsk qrupunun yenidən ölkəmizin suveren hüquqları üzərində təzyiq qurmasına izn verməyəcək. 44 günlük müharibədən sonra yeni reallıqlar yarandı. Azərbaycan cəmiyyətində bu mövzu ilə bağlı tam həmrəylik mövcuddur.
  Millət vəkili Elman Məmmədov "Sherg.az"a açıqlamasında təxminən 5-6 il öncə, yəni Minsk qrupu fəaliyyət göstərdiyi dövrdə Bakıda həmsədr ölkələrin nümayəndələri ilə olan görüşü xatırladıb. Deputat həmin görüşdə həmsədrlərə münaqişəni həll edə bilməyəcəklərini söyləyib:

"Təəccübləndilər ki, mən niyə o cür düşünürəm. Dedim ki, ABŞ və Fransa bir tərəfdə dayanır, Rusiya tamam əks tərəfdə durur. Bir çox beynəlxalq məsələlərdə bir-birinə zidd açıqlamalar verirlər, mövqeləri daban-dabana zidd olur. Haqlı olaraq sual edirdim ki, bu qədər ziddiyyətlə Qarabağ məsələsini necə həll edəcəksiniz? Hansı formada ortaq məxrəcə gələcəksiniz? Mənə fransız həmsədr cavab verdi. Dedi ki, "düz düşünürsüz, beynəlxalq məsələlərdə əks mövqedə dayanırıq, ancaq Qarabağ məsələsində üç tərəfin də yanaşması eynidir". Bu cavabı orada görüşdə olan hər kəs eşitdi. İndi Minsk qrupu, həmsədr institutu yoxdur, ancaq ABŞ, Fransa və Rusiyanın mövqeyi yenə eynidir, heç bir dəyişiklik yoxdur. Hər üç ölkə müxtəlif yollarla, variantlarla erməniləri müdafiə edir. Bu gün vasitəçi missiyasını icra edənlər köhnə həmsədrlərdir. Əmin olun, indi problemin həlli üçün ortalığa atılan kənar dövlətlər prosesə müdaxilə etməsə, Ermənistan və Azərbaycan danışıqlar masasında üzbəüz qalsa, İrəvan gücsüz və aciz olduğunu dərk edərək sülh sazişinə imza atacaq. Nə qədər ki, vasitəçilər meydandadır, sülh müqaviləsi imzalanmayacaq. Çünki ABŞ, Fransa və Rusiyanın Cənubi Qafqazla bağlı öz maraqları var. Rusiya çalışır ki, regiondan çıxmasın, Qərb isə cəhd göstərir ki, bölgəyə özünü soxuşdursun".
  Parlament üzvü vurğulayıb ki, ABŞ və Avropanın Cənubi Qafqazda Rusiyanı əvəzləməsi bizim üçün heç də Moskvadan az zərərli deyil: "Moskva Qərbin planlarını bildiyi üçün ABŞ və Avropa ölkələrinin təşəbbüslərinə mane olur, baş tutmaması üçün əlindən gələni edir. Bu məqsədlə Qərbdəki görüşlər öncəsi ermənilərin əli ilə təxribatlar törədir. Rusiya sülhməramlılarının Qarabağda hansı oyunlardan çıxdığı bizə məlumdur. Gəldikləri gündən etibarən separatçıları himayə edib, onların təminatını həyata keçiriblər. Hər addımları ziyanlı, zərərli olub. Ancaq məsələ ondadır ki, Qərbin də Cənubi Qafqazla bağlı planları sülh və sabitlik yox, ilk növbədə Rusiyanı bölgədən sıxışdırıb çıxartmaqdır".