Çin dünyanın siyasi güc mərkəzinə çevrilib

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

Azərbaycan bu ölkədə diaspora formalaşdırıbsa, bunun özünü böyük hadisə hesab etmək olar


  Bu gün Azərbaycan diasporunun fəaliyyət göstərdiyi regionlardan biri də Asiya qitəsidir. Azərbaycanlılar Asiya qitəsinin demək olar ki, hər bir ölkəsində məskunlaşaraq burada diaspor təşkilatı, müxtəlif cəmiyyət və birliklər yaradıblar. Məhz elə buna görədir ki, Azərbaycan diasporunun üçüncü böyük hissəsinin Asiya qitəsində məskunlaşdığı bildirilir. Bu qitədə məskunlaşan azərbaycanlıların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Yəmən Ərəb Respublikası, Yəmən Demokratik Respublikası, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır. Konkret Çində isə təqribən 30 mindən çox azərbaycanlının yaşadığı deyilir. Dünyada əhali sayına görə öndə gedən ölkələrdən sayılan Çində yalnız bir dənə Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. “Çin azərbaycanlıları” İctimai Birliyi yaxın illərdə təsis edilib. İctimai Birlik Azərbaycan həqiqətləri və ölkəmizin zəngin tarixi-mədəni irsinin tanıdılması istiqamətində fəaliyyət göstərir. Ümumiyyətlə, 1991-ci ilin dekabrın 27-də Çin Xalq Respublikası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması və 1992-ci il aprelin 2-də diplomatik münasibətlərin qurulması ilə Azərbaycan-Çin münasibətlərinin müasir mərhələsi başlayıb. 
  
Çin 1992-ci ildə Bakıda, Azərbaycan isə 1993-cü ildə Pekində səfirlik açıb. Yüksəksəviyyəli səfərlər 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri ilə başlayıb. Prezident İlham Əliyev isə Çinə 2 dəfə (2005, 2015) rəsmi səfər edib və 3 dəfə müxtəlif beynəlxaq səviyyəli tədbirlərdə iştirak etmək üçün bu ölkəyə gedib. Çindən xarici işlər naziri səviyyəsində Azərbaycana 4 dəfə səfər olub. Azərbaycan-Çin dövlətlərarası münasibətlərində iqtisadi aspekt ön plandadır. Ümumən məlumdur ki, Çinin xarici siyasəti daha çox ölkənin iqtisadi maraqlarını qlobal miqyasda təmin etməyə yönəlib. Çin özünə aid konflikt situasiyaları (Tayvan boğazı, Cənubi Çin dənizi) istisna olmaqla, dünyadakı münaqişələrə adətən müdaxilə etmir, onların həllində rol almır və öz nüfuzunu iqtisadi alətlərlə, “yumşaq güc” üsulları ilə yaymağa çalışır. 2013-cü ildə Çin lideri Si Tzsinpin tərəfindən irəli sürülən məşhur “Bir kəmər bir yol” təşəbbüsü də bu çərçivədə qiymətləndirilməlidir. Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunarkən deyib ki, bu müddət ərzində ölkələrimiz etibarlı tərəfdaş və dosta çevrilib. Dövlət başçıları Prezident İlham Əliyev və Sədr Si Tzsinpinin siyasi iradəsi və dostluğu ikitərəfli əməkdaşlığın inkişafında əsas hərəkətverici qüvvədir. İki ölkə arasında təşəkkül tapmış yüksəksəviyyəli əlaqələr iqtisadi tərəfdaşlığımızın gücləndirilməsi üçün geniş imkanlar yaradır. Məlumdur ki, Azərbaycan Çinin “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Eyni zamanda ölkəmiz bu təşəbbüsün fəal iştirakçılarından hesab edilir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin həyata keçirilməsi bunun bariz nümunəsidir. 2017-ci ildə bu dəmir yolu xəttinin istifadəyə verilməsi ilə Çin və Avropanı birləşdirən yeni marşrut formalaşıb. Hazırda iki ölkə arasında ticarət, investisiya və nəqliyyat-tranzit sahələrində əməkdaşlıq əlaqələri durmadan inkişaf edir. Buna baxmayaraq, düşünürəm ki, ölkələrimiz arasında alternativ və bərpa olunan enerji, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, istehsal və elektron ticarət kimi sahələrdə əməkdaşlıq üçün daha böyük potensial və perspektivlər mövcuddur.
 
  Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsi zamanı da iki ölkə arasındakı əməkdaşlıqdan ətraflı bəhs edib. Dövlət başçısı vurğulayıb ki, son zamanlar Azərbaycan-Çin münasibətləri daha da intensivləşib: "Əlbəttə, mənim cənab Si Tzsinpinlə görüşlərim istiqamətlərin təyin edilməsində və inkişaf üçün aydın hədəflərin müəyyən olunmasında vacib rol oynayır. Eyni zamanda dövlət rəsmiləri və deputatlar səviyyəsində, cəmiyyətin müxtəlif nümayəndələri və partiyalarımız arasında təmasların da xüsusi əməkdaşlıq formatı yaratdığını vurğulayan dövlətimizin başçısı bildirib: “Bizim Azərbaycan və Çin arasında yekdil siyasətimiz var. Bir daha təsdiq edirəm ki, münasibətlər əladır və bundan da yaxşı səviyyəyə qalxacaq”. Prezident bəyan edib ki, rəsmi Bakı Çinin ərazi bütövlüyünü, Vahid Çin və Çinin birləşməsi siyasətini hər zaman dəstəkləyib və dəstəkləməkdə davam edir.
 
  Xüsusi qeyd olunmalıdır ki, hazırda dövlətlərarası münasibətlərdə balansı qorumaq, xarici siyasət kursunda qarşılıqlı dinamikanı saxlamaq olduqca təmkinli və müdrik siyasət yürüdülməsini tələb edir. Bu baxımdan Azərbaycan Cənubi Qafqazın ən güclü aktoru olaraq Qərblə Şərqin maraqlarının kəsişməsində özünün tarazlı siyasi iradəsini nümayiş etdirir. Bu siyasi xətt Çinin də maraqlarına cavab verir. Çin Cənubi Qafqazda Rusiyanın maraqlarına toxunmadan “yumşaq iqtisadi güclə” özünün hakim mövqeyini möhkəmləndirməklə həm də yaranmış siyasi boşluğu doldurmaqadadır. Rəsmi Bakı və Pekin bu mürəkkəb dövrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, regional və beynəlxalq təhlükəsizlik, iqtisadi inkişaf, mədəni əlaqələrin genişləndirilməsi baxımından həm region dövlətləri, həm də dünya üçün faydalı təşəbbüskarlıqda bərabər niyyət və məramlarla çıxış edir.
  Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, müasir dünyanın nəhəng güclərindən olan Çin dünya geosiyasətindəki roluna iqtisadiyatdan başlayıb. Ekspertin sözlərinə görə, öncə iqtisadi cəhətdən güclənən və əlaqə qurduğu ölkələrlə ticari əlaqələrini inkişaf etdirən, "yumşaq güc" siyasətinə üstünlük verən Çin artıq beynəlxalq arenaya siyasi oyunçu kimi daxil olmaqdadır: 

"Təbii ki, Çin BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi hər zaman siyasi arenada söz sahibi olub. Amma bu, Çinin güc mərkəzi kimi çıxış etməyə imkan verməyib. Son 20 ildə iqtisadi baxımdan daha da güclənən Çin artıq öz siyasi ambisiyaları olan güc mərkəzi kimi dünya geosiyasətində aktiv oyun qurur. Azərbaycan müstəqilliyinin ilk illərindən bu günə kimi Çinlə müsbət əlaqələr saxlayıb. İqtisadi cəhətdən əlaqələr yüksələn xətt üzrə inkişaf edib. Azərbaycan dövləti ilə yanaşı, vətəndaşlarımız da Çinlə iqtisadi əlaqələr yaradıblar. Azərbaycan bazarında Çin malları önəmli yer tutub. Azərbaycan Çinlə daha çox iqtisadi əlaqələrdə maraqlı olub. Buna baxmayaraq, Azərbaycan Çində diaspora formalaşdıra bilibsə, bunun özünü müsbət hal hesab etmək olar. Təbii ki, Çin əhalisinin sayı ilə müqayisədə geniş mənada diaspora fəaliyyəti yürütmək məntiqlə mənasız işdir. Çin dövlətinin siyasi quruluşu elədir ki, bu ölkədə söz sahibi Kommunist Partiyasıdır və onun qərarları keçərlidir. Bir sözlə, iki ölkə arasında münasibəti hansı ölkənin Çin ilə daha çox iqtisadi əlaqə qurması müəyyən edir".
  Müsahibimizin qənaətincə, Azərbaycanın Çinlə iqtisadi əlaqələri çox olduğu üçün Çin də Azərbaycana xoş münasibət bəsləyir: "Çoxları düşünə bilər ki, bu məntiqlə Çin Amerika ilə ən yaxın dost və müttəfiq olmalı idi. Amma elə deyil. Onlar mehriban düşmənlərdir. Qarşılıqlı iqtisadi əlaqələr qururlar. Amerikanın Çinə trilyonlarla dollar borcu var, illik iqtisadi dövriyyə 750 milyard dollardan çoxdur. Buna rəğmən, Amerika da Çinin güclənməsini istəmir, nəzarətdə saxlayır. Tayvanı dəstəkləməklə Çin ətrafında gərginliyi artırır. Görünən odur ki, tək Azərbaycan yox, bütün dünya Çinlə ticari əlaqələrə xüsusi diqqət yetirir. Amma Çinin Ukrayna müharibəsində, İran-Səudiyyə Ərəbistanı arasında barışdırıcı kimi çıxış etməsi onun siyasi çəkisini artırır. Zamanla Çinin tək iqtisadi yox, siyasi oyunçu kimi rolunun artması fonunda digər ölkələrin də siyasi dəstək üçün Çinə üz tutacağı dövr gələ bilər. Yeni dünya düzəninin formalaşması fonunda Çinin əsas qütblərdən bir olacağı ehtimalı böyükdür".