Qarabağ ermənilərinə GÜZƏŞT: Ağdam yolu.... - Millət vəkili

Əgər məqsədləri və niyyətləri həqiqətən Qarabağ ermənilərinin durumu olsaydı, onda rəsmi Bakının təklifinə müsbət yanaşardılar

  Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sonuncu görüşdə müzakirə edilən məsələlər sırasında Xankəndiyə Ağdam vasitəsilə humanitar yardımların çatdırılması da var idi. Azərbaycan tərəfi növbəti dəfə Qarabağdakı erməni sakinlərə qarşı humanizm nümayiş etdirdi. Onlara hərtərəfli dəstək verməyə hazır olduğunu ortaya qoydu. İndi isə bu təşəbbüsə qarşı ən kəskin reaksiyaların şahidi oluruq. Bu məsələdə yenə də Rusiya öz maraqlarından çıxış edərək sülhməramlıların xeyir-duası ilə Xankəndidə separatçı qüvvələrin etiraz aksiyalarına şərait yaradır. Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının təchizatının da məhz Ağdam-Xankəndi yolu ilə təmin edilməsi paralel olaraq təklif olunur. Lakin Brüssel görüşündən sonra erməni tərəfi ruslarla birlikdə Azərbaycan tərəfinin təqdim etdiyi və ən optimal variant hesab edilən bu yolla Qarabağın erməni sakinlərinə humanitar yardımların çatdırılmasına qarşı çıxırlar. Yeri gəlmişkən, rəsmi Bakının təklif etdiyi Ağdamdan Xankəndiyə yol ən yüksək beynəlxalq standartlara cavab verən yoldur. Qısa və rahat yolla avtomobillərin sürətli hərəkəti təmin olunub. Bu yol üzərində müasir infrastruktur vasitələri mövcuddur. Yəni ermənilərin bununla bağlı hər hansı bir bəhanəsi ola bilməz. Təəssüf doğuran hal ondan ibarətdir ki, Moskva və İrəvan bu məsələdə bir mövqedən çıxış edirlər. Həmin yolla həm Qarabağın erməni sakinlərinin, həm də Rusiya sülhməramlılarının təminat və təchizatı həyata keçiriləcək. Bu isə Xankəndidə əslində nə qədər erməninin yaşadığını ortaya çıxaracaq. Erməni və rus tərəfinə isə bu, birmənalı şəkildə sərf etmir. Şübhəsiz, ermənilərin bu yoldan istifadə etməkdən imtina etməsi siyasi spekulyasiyadır və rasist yanaşmanın göstəricisidir.
  Ermənistanın Baş naziri Nikol Paşinyan da deyib ki, o, Ağdamdan keçməklə Qarabağa humanitar dəhlizin verilməsi məsələsini müzakirə etməyib. Baş nazirin sözlərinə görə, belə bir məsələni müzakirə etməyə nə ehtiyacı, nə də mandatı var: "Amma 10 noyabr bəyanatını imzalayanlardan biri kimi “Laçın dəhlizi” məsələsini müzakirə etmək mandatım var".
  Millət vəkili Məlahət İbrahimqızı "Sherg.az"a açıqlamasında bildirib ki, həm Ermənistanın daxilində, həm də ölkədən kənarda revanşist qüvvələr var. Deputatın sözlərinə görə, erməni xisləti bir çox problemin müsbət həllinə imkan vermir:

"Ermənilər tarix boyu başqa xalqlara qarşı düşmən mövqedə olublar, özgə torpaqlarına iddia ediblər. Ağdamdan keçməklə Qarabağa humanitar dəhlizin verilməsi ilə bağlı təklif ən optimal variantdır. Elə ona görə də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel tərəfindən dəstəkləndi. Ermənistandakı revanşist qüvvələr, o cümlədən separatçılar və onların dəstəkçiləri hay-küy salırlar ki, guya, Qarabağda "böhran", "aclıq" yaşanır və s. Əlbəttə, bunların hamısı uydurma, saxta məlumatlardır. Ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir. Əgər məqsədləri və niyyətləri həqiqətən Qarabağ ermənilərinin durumu olsaydı, onda rəsmi Bakının təklifinə müsbət yanaşardılar. Onların təklifə qəti şəkildə etirazı göstərir ki, niyyətləri heç də Qarabağ ermənilərinin həyat şəraiti deyil. Əlbəttə, Xankəndi və ətraf bölgələrdə yaşanan prosesləri tezliklə və asanlıqla həll etmək iqtidarındayıq. Ancaq dövlət başçısı cənab İlham Əliyev ilk növbədə çalışır ki, hər məsələni sülh və danışıqlar yolu ilə çözsün. Ona görə də xoşməramlı niyyətimizi ortaya qoyur, onlara yardım əli uzadırıq. Əfsuslar ki, Qarabağda yaşayan ermənilər də bir qrup separatçı-quldurların əlində əsir və girova çevriliblər. Qarabağda yaşayan ermənilərlə bağlı rəsmi Bakı dəfələrlə öz tələbini gündəmə gətirib. Onların qarşısında iki seçim var. Ya Azərbaycan vətəndaşlığını qəbul edib, qanunlarımız çərçivəsində normal həyatlarını yaşamalıdırlar, ya da torpaqlarımızı tərk etməlidirlər. İndiki halda da təklif edirik ki, ərzaq və humanitar təminat Ağdam yolu ilə həyata keçirilsin. Hətta nəinki beynəlxalq təşkilatlar vasitəsilə, Azərbaycan dövləti özü də humanitar yardımı təmin edə biləcəyini bildirib. Bundan yaxşı güzəşt varmı?".