Avropa dairələri Ermənistana yön verir

Cozef Borrelin yanaşması bir daha nümayiş etdirir ki, Avropada Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı obyektiv fikir hələ də formalaşmayıb

  Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrel deyib ki, Aİ Azərbaycanın Ağdam vasitəsilə yükləri çatdırmağa hazır olduğunu qiymətləndirir. Lakin Borrelin fikrincə, bu, Laçın yolunun açılmasına alternativ deyil. Onun sözlərinə görə, Brüssel “keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti”ndə humanitar vəziyyətdən narahatdır: "Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq Laçın dəhlizi ilə nəqliyyatın hərəkəti 7 aydan çoxdur ki, əngəllənir. Dərmanlar və zəruri mallar ya çatmır, ya da ümumiyyətlə yoxdur. Bu da yerli əhali üçün ağır nəticələrə gətirib çıxarır. Azərbaycan hakimiyyəti Laçın dəhlizi boyunca təhlükəsizliyə və hərəkət azadlığına ən qısa zamanda təminat verməyə və gərginliyin daha da artmasının qarşısını almağa borcludur". Borrelin iddasına görə, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin bölgədəki fəaliyyətinə "ciddi zərbə" vurulub. İndi o, tibbi evakuasiya və humanitar yardımın çatdırılması prosesinin tam bərpa edilməsinə çağırır. Borrelin bəyanatında o da vurğulanır ki, “humanitar yardım məsələsi heç bir aktor tərəfindən siyasiləşdirilməməlidir”. Qeyd edək ki, Ermənistanın Laçın sərhəd nəzarət qapısından keçirmək istədiyi 19 yük maşınını müşayiət edənlər arasında Avropa İttifaqının emissarları da var. Onlar yüksəkliklərdə qərar tutaraq “humanitar yük”lə dolu karvanı izləyirlər. Aİ-nin Ermənistandakı monitorinq missiyasının rəhbəri Markus Ritter jurnalistlərə deyib ki, o, şəxsən baş verənləri görmək üçün sərhədə gəlib: "Laçın dəhlizinə aparan yol bizim məsuliyyətli sahəmizdir və biz bu gün burada nə baş verəcəyini izləyirik". Şübhə yoxdur ki, Ermənistan bu tamaşanı həm də avropalılara göstərmək üçün hazırlayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, Cozep Borrelin erməni tərəfinin yaydığı saxta təbliğat və siyasi manipulyasiyalara əsaslanaraq, 26 iyul tarixli bəyanatda bölgədə vəziyyətə dair sərgilədiyi yanaşma təəssüf doğurur. O qeyd edib ki, görülən legitim tədbirlərin Laçın yolunun bağlanması kimi təqdim edilməsi kökündən yanlışdır: "Daha böyük yüklərin Azərbaycan ərazisinə gətirilməsinə gəldikdə, rəsmi Bakı Ermənistandan irəli gələn təhdidlər nəzərə alınmaqla, “Ağdam-Xankəndi” və digər alternativ yollardan istifadə edilməsi təklifi ilə çıxış edib. Bu təklif Avropa İttifaqı, BQXK daxil, beynəlxalq tərəfdaşlar tərəfindən müsbət qarşılanıb".
  Millət vəkili, siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqının xarici siyasət xidmətinin rəhbəri Cozep Borrelin fikirləri reallıqla heç bir şəkildə uzlaşmır. Deputatın sözlərinə görə, burada bir sıra məqamlar aydın müşahidə olunur: "Sanki Avropanın bəzi dairələri ilə Ermənistan öz fəaliyyətini koordinasiya edir. Ermənistan Azərbaycana qarşı hərbi və siyasi xarakterli təxribatlarını davam etdirir. Erməni tərəfi bu təxribatları həyata keçirərkən Avropa İttifaqının mülki missiyası mütləq ərazidə olur, müşahidə aparır. Bu da göstərir ki, proses əvvəlcədən razılaşdırılır. Hər zaman qeyd etmişik ki, Aİ-nin mülki missiyasının Ermənistana göndərilməsi üçün heç bir ehtiyac yox idi. Məqsəd sadəcə olaraq Ermənistanın mövqelərinin möhkəmləndirilməsindən ibarətdir. Azərbaycan 2020-ci ildən sülh gündəliyini başladıb. Ermənistanla sülhün imzalanması üçün beynəlxalq hüquq normaları ilə uzlaşan şərtlərini irəli sürdü. Bütün bunlara baxmayaraq, Ermənistan Azərbaycanla yekun sülh sazişini imzalamaqdan boyun qaçırır. Bu işdə Avropa dairələri də İrəvana kömək etməkdədir. Fransa Azərbaycan ərazisində erməni separatizmini açıq şəkildə dəstəkləməkdədir. Dəfələrlə Avropanın müxtəlif instansiyalarında Azərbaycana qarşı qərəzli mövqelərin formalaşdırılması cəhdlərini görmüşük. Avropa Parlamentində Azərbaycana qarşı qərəzli müzakirələr gedib. Bunlar ədalətsizliyin, ikili standartların göstəricisidir".
  Parlament üzvü bəyan edib ki, Cozef Borrelin yanaşması bir daha nümayiş etdirir ki, Avropada Cənubi Qafqaz regionundakı vəziyyətlə bağlı obyektiv fikir hələ də formalaşmayıb: "Təbii ki, istəsələr obyektiv baxış sərgiləyərlər. Amma məqsədli şəkildə vəziyyət təhrif olunmaqdadır. Azərbaycan heç bir halda Xankəndini blokadada saxlamır. Dünyanın əksər ölkəsi kimi öz ərazisində sərhədlərə nəzarəti həyata keçirir. Nəzərə alaq ki, məhz Laçın yolu vasitəsilə Qarabağa silah-sursat daşınır, separatizm ayaqda saxlanılırdı, Azərbaycana təhlükə transfer edilirdi. BMT Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana hüquq verir ki, təhlükəsizliyinə qarşı təhdid yarandığı halda müvafiq addımlar atsın. Ayrıca olaraq, rəsmi Bakı Ağdam-Xankəndi yolu ilə ermənilərə humanitar yüklərin çatdırılmasını təklif edib. Hətta alternativ marşrutları da gündəmə gətirib. Borrelin "Ağdam-Xankəndi marşrutu Laçın yolunu əvəz etmir" kimi düşüncəsi göstərir ki, onların məqsədi Azərbaycan ərazisində separatçılığı saxlamaqdan ibarətdir. Ümumiyyətlə, Avropanın Ermənistan siyasi rəhbərliyi ilə birgə yanaşması ondan ibarətdir ki, Azərbaycan ərazisindəki ermənilər üzərindən manipulyasiya etsinlər. Spekulyasiyalar həyata keçirsinlər. Çünki Paşinyan hazırkı məğlub durumda Azərbaycanla sülh sazişi imzalamaqdan çəkinir. Bu, onun siyasi karyerasının sonu olacaq. Avropadan da dəfələrlə eşitmişik ki, Qarabağdakı ermənilərin vəziyyəti beynəlxalq mexanizmlərin köməyi ilə müəyyənləşdirilməlidir. Azərbaycan isə bununla bağlı öz mövqeyini birmənalı ortaya qoyub. Vurğulanıb ki, bu məsələ daxili işimizdir və heç kimlə müzakirə etmək fikrində deyilik.