Çağırışlar Hindistanın Ermənistana silah satmasını sonlandırmayacaq  - Tural Abbaslı

Partiya sədri fərqli düşünür

Bu kimi ölkələrə Azərbaycanın onlar üçün daha faydalı tərəfdaş ola biləcəyini göstərməliyik


  İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana hərbi yükün daşınmasını əks etdirən videogörüntülər qeydə alınıb. Bildirilib ki, silah göndərən tərəf son vaxtlar Ermənistanın hərbi-texniki əməkdaşlığını sürətlə artırdığı Hindistandır. Məlum olduğu kimi, Ermənistan və Hindistan 400 milyon dollarlıq hərbi müqavilə imzalayıb. Son zamanlar iki ölkənin hərbçiləri arasında tez-tez təmasların olması da onlar arasında hərbi əməkdaşlığın güclənməsindən xəbər verir. Prezidentin köməkçisi Hikmət Hacıyev də Hindistanı Ermənistana öldürücü silahları tədarük etməməyə çağırıb. O qeyd edib ki, Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlar apardığı bir vaxtda Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi Ermənistanın militarizasiyasına və vəziyyətin gərginləşməsinə yol açır. Həmçinin Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir: 

“Bu həm də, Hindistanın özünün bəyan etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasəti, eləcə də bu ölkənin də təmsil olunduğu Qoşulmama Hərəkatının tarixi “Bandunq prinsipləri” ilə uyğun gəlmir”. Hikmət Hacıyev Hindistan səfirini Azərbaycan tərəfinin ciddi narahatlığını rəsmi Dehlinin diqqətinə çatdırmağa və Hindistanı Ermənistana öldürücü silahların tədarükü ilə bağlı qərarını bir daha nəzərdən keçirməyə çağırıb.

 AĞ Partiya sədri Tural Abbaslı "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanla konfliktdə olduğu üçün Ermənistanla heç bir ölkənin hərbi əməkdaşlıq etməyəcəyini, silah-sursat satmayacağını gözləmək sadəlövhlük olar. Partiya rəhbəri bildirib ki, çağırışlar Hindistanın Ermənistanla hərbi əlaqələrini, silah satmasını sonlandırmayacaq: "Digər silah-sursat istehsal edən ölkələr kimi Hindistan da öz hərbi texnikalarını sataraq pul qazanmaqda maraqlıdır.

 Bəs düşmənlərimizin silahlanmasının qarşısını almaq üçün biz neyləməliyik? Əlbəttə ki, Hindistana hədə-qorxu gələr, təhdid edə bilmərik. Sadəcə olaraq Hindistana, yaxud ermənilərə silah satan digər ölkələrə Azərbaycanın onlar üçün daha faydalı tərəfdaş ola biləcəyini göstərməliyik. Həmin dövlətlərin iqtisadiyyatı və təhlükəsizliyi üçün Azərbaycanın daha perspektivli olduğunu sübut etməliyik. Yəni o ölkəni seçim qarşısında qoymalıyıq. Bir tərəfdə güclü, geniş iqtisadi perspektivə malik və bir çox sahədə faydalı ola biləcək Azərbaycan var. Digər yanda isə heç bir perspektiv vəd etməyən, hətta dövlət varlığı belə şübhə altında olan Ermənistandır.

 Normal ölkə hansı dövlətlə əməkdaşlığı seçər? Ona görə də xarici siyasətimizi gücləndirməliyik. Xüsusən Hindistan kimi ölkələrlə daha yaxşı işləmək lazımdır. Şübhəsiz, indiki məqamda Ermənistanın silahlandırılması sülh danışıqlarına neqativ təsir göstərir. Çünki Ermənistan gücləndikcə, özünü masada daha aqressiv aparır, destruktiv mövqe tutur. Lakin nəzərə alaq ki, Hindistanın da hansısa öhdəliyi yoxdur ki, sülh danışıqları mərhələsində İrəvana silah-sursat satmasın". 
 
T.Abbaslı əlavə edib ki, Ermənistan sülh danışıqlarında səmimi deyil, o səbəbdən ordusunu gücləndirməyə çalışır: "Məqsəd odur ki, indiki status-kvonu öz xeyrinə dəyişsin və danışıqlar masasında iddialarını artırsın. Prosesi seyr etməli deyilik və qarşısını almaq üçün həm özümüzün, həm də vasitəçi kimi çıxış edən güclərin təsir imkanlarından istifadə etməliyik. Paralel olaraq ordumuzu gücləndirməli, ermənilər bir raket alırsa, biz ikisini almalıyıq. Bununla yanaşı, dünya ictimaiyyəti də bilməlidir ki, Ermənistan bir yandan sülhdən danışır, amma digər tərəfdən durmadan silahlanır".