Rusiya masaya kənar mövzular gətirir - Millət vəkili

Sülh sazişi imzalanandan sonra digər məsələlər gündəmə gətirilə bilər


  Rusiya Azərbaycan və Ermənistana parlamentarilər vasitəsilə üçtərəfli dialoqa başlamağı təklif edib. Bunu üçtərəfli görüşün yekunları üzrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Rusiyalı nazir ümidvar olduğunu bildirib ki, müzakirələr digər sahələrdə də danışıqlar prosesinə müsbət təkan verməyə kömək edəcək:

 “İndiki mərhələdə ən yaxın nəticə regionda nəqliyyat kommunikasiyalarının bloklanmasına dair konkret məsələlərin razılaşdırılması ilə məşğul olan üç baş nazirin müavininin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunda razılığın əldə olunmasıdır. Bu kontekstdə nəqliyyat sektorunda artıq nəinki regional, həm də daha geniş xarakter daşıyan perspektivli layihələrin həyata keçirilməsi üçün də perspektivlər açılacaq”. Qeyd edək ki, üçtərəfli görüşdən öncə "ekspert və cəmiyyətlər arasında" təmasların müzakirə olunacağı bildirilmişdi. 
  
Millət vəkili Asim Mollazadə deyib ki, bu addımların hamısı sülh prosesini ləngitməyə yönəlib. Parlament üzvünün sözlərinə görə, Rusiya ilk növbədə üçtərəfli bəyanata imza atmış tərəf kimi sənəddə icra olunmayan müddəaların reallaşmasına çalışmalıdır: 

"Rusiya Qarabağdakı erməni silahlı dəstələrini dərhal torpaqlarımızdan çıxarmalıdır. Digər məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Bu məsələ də üçtərəfli bəyannamədə öz əksini sapıb. Birinci olaraq tərəflər arasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiya və demarkasiya məsələsi müzakirə predmeti olmalıdır. Sülh sazişi imzalanandan sonra digər məsələlər gündəmə gətirilə bilər. İndiki məqamda kənar mövzuların müzakirə edilməsi ancaq sülh prosesini ləngitməyə xidmət edir. Düşünürəm ki, Vaşinqton və Brüssel platformalarında müzakirələrin davam etdirilməsi daha məqsədəuyğundur. Çünki Vaşinqton və Brüssel sülhdə daha maraqlı tərəf kimi görünür. Rusiyada müxtəlif səviyyələrdə keçirilən görüşlər hər zaman nəticəsiz qalır".