Dünən səhər saatlarından etibarən Krımda Rusiya təhlükəsizlik qüvvələri Krım tatarlarının evlərində axtarışlara başlayıb.
Bu barədə Krım Tatarları Məclisinin sədri Refat Çubarov deyib.
Həmçinin Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəsmisi Andrey Yusov bildirib ki, Ukrayna Krıma desant çıxarıb.
Bu fikirlərə münasibət bildirən politoloq İlqar Vəlizadə "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Ukraynanın Krımda dayaqları kifayət qədər möhkəmdir:
"Buna görə də Rusiya Ukrayna kəşfiyyatçılarına qarşı bu cür axtarış tədbirləri aparır. Krıma desant çıxarmaq məsələsinə gəldikdə isə rəsmi Kiyevin Rusiyadakı vəziyyətdən istifadə etməsi mümkün deyil. Bu çoxdan planlaşdırılan bir addımdır. Qəfildən hazırlanan proses ola bilməz. Bu məsələnin Yevgeni Priqojinin ölümü ilə də əlaqəsi yoxdur. Ukraynanın məqsədi əks-hücum əməliyyatlarında gözə çarpan müəyyən irəliləyişlər əldə etməkdir. Bunun isə səbəbi Qərbdən dəstək almaqdır. Əgər irəliləyiş olmasa, heç bir dəstək və silah-sursat ala bilməz. Yəni Ukrayna göstərmək istəyir ki, onun fikri ciddidir. Krımı ələ keçirmək üçün hər vasitədən istifadə edəcək".