Arayikə HÜCUM: Rusiyanın maraqları var!

Avqustun 28-də saat 03:00 radələrində Azərbaycanın rus sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi şəhərindəki separatçı dəstənin başçısı Araik Arutyunyanın “ofisinə” silahlı basqın olub.

Bu barədə Teleqram kanallarında yayılan məlumatı Xankəndidəki separatçı dəstə təsdiqləyib.

Bu hadisədən sonra Qarabağdakı separatçı qurumun rəhbəri Arayik Arutyunyan vəzifəsindən istefa verib-verməməsi haqqında məlumat yayıb. 

O bildirib ki, sabah və ya birisigün istefası ilə bağlı qərar verəcək: "Gecə bununla bağlı müzakirələr apardıq. Daha dar tərkibdə yenidən müzakirə aparıb, qərar verəcəyik."

Arayik Arutyunyanın "ofisinə" qarşı basqını "Sherg.az"a şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, bu  kontekstdə baş verən proseslərdə müxtəlif müəmmalı məqamlar var:

"Separatçı rejim məcbur olub Azərbaycanın tələblərini qəbul etmək istəyir. Görünən odur ki, buna qarşı  müqavimət var. Arayik Artunyunyan və digər komandalar buna qarşı çıxırlar. Amma burada separatçıların oyunu da müşahidə olunur. Rusiyanın da proseslərin arxasında olacağı gözlənilə bilər. Belə bir mühitdə Minis qüvvələri yaradıldı. Parlament binasına basqın edildi. Proses ilk olaraq oradan başladı. Bunların bu addımı A.Artunyunyana qarşı görünsə də, Minis qrupunu müharibədən sonra özü yaratmışdı. Daha sonra Arayikin qərargahına basqın gündəmə gəldi. Mövcud  rəhbərliyin əsas məqsədi fikir ayrılıqlarını həll etməkdir. Arayikin hədəfi bütün qüvvələri öz ətrafında birləşdirməkdir. Burada Vardanyan, Samvel Babayan kimi maraqlı qüvvələr var. Onlar prosesdən istifadə edərək önə çıxmaq istəyirlər. Təbii ki, hər birinin ayrı-ayrı məqsədi  də var. Amma əsas hədəfləri  separatçı rejimə nəzarəti ələ  götürməkdir. Yaranmış mövcud proses onlara sərf edir.  A. Artunyunyana  qarşıdurmalı  müqavimət formalaşdırır. Onlara təyziq edir ki, bu vəziyyətdə hər kəs separatçı rejimin ətrafında toplanmalıdır. Digər tərəfdən ona hücumun edilməsi Arayikə haqq qazandırır ki, qondarma rejimin ərazisində istədiyi addımları atsın".

Ekspert onu da vurğulayıb ki, müqavimətin, daxili etirazların digər tərəfi Azərbaycana hesablanır:

"Həm də Beynəlxalq müstəvidə hesablanmış bir addımdır. Çünki  politikaya çıxış yolları yoxdur. Beynəlxalq müstəvidə apardıqları kampaniyada da nəticə əldə edə bilmədilər. Bununla göstərirlər ki, biz danışıqlara razıyıq: "Amma daxildə mənim dırnaqarası xalqım buna imkan vermir". Guya xalq etiraz edir, Azərbaycan ilə reinteqrasiyani qəbul etmir və separatizmdən tələbləri budur. Prosesdə özlərini tərəfsiz kimi göstərməyə çalışırlar. Bu həm də Rusiyanın maraqlarına uyğun gəlir. Çünki Şimal qonşumuz həm Ağdam marşrutunun açılmasını dəstəkləyən,  həm də Arayik və komandasını nümayəndə kimi danışıqlarda  tərəfə çevirmək istəyən kimi görünür. Bu da danışıqlarda onların da maraqlarının nəzərə alınmasına gətirib çıxaracaq. Bu plan bir növ buna da hesablana bilər".