Aşırı düşmənçilik dostluğa çevrilir?

ABŞ və İranın yaxınlaşması siyasi məsələdir

"Xüsusən Ermənistan məsələsində Tehran və Vaşinqton arasında ortaq mövqe var və hər iki dövlət İrəvana açıq dəstəyini ifadə edir”


İran yenidən Azərbaycanı hədələyib. İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin sədr müavini Şəhriyar Heydəri deyib ki, Ermənistanla sərhədi saxlamaq və Ermənistanın ərazi bütövlüyünə hörmət etmək İranın qırmızı xəttidir: "Lakin təəssüf ki, Azərbaycan sionist rejim (İsrail nəzərdə tutulur – red.), Türkiyə və Səudiyyə Ərəbistanının əməkdaşlığı ilə regionun coğrafiyasını dəyişməyə çalışır. Bölgənin geosiyasətindəki dəyişiklik İranın qırmızı xətlərindən biridir və biz çox yaxşı qonşu olan Ermənistan ilə ümumi sərhədlərimizdə heç bir dəyişikliyi qəbul etmirik. Bu ölkə ilə uzaq keçmişdən sülh münasibətləri olub”. Heydəri qeyd edib ki, Azərbaycanın regionda gərginlik yaradacaq addımlar atmaması daha yaxşıdır: 

“Lazım gəlsə, İran da belə bir halın qarşısını almaq üçün hərbi gücə əl atacaq, lakin bizim Azərbaycana tövsiyəmiz budur ki, Ermənistanla problemlərini diplomatik vasitələrlə həll etmək daha yaxşıdır. İran da Ermənistan və Azərbaycan arasında vasitəçi kimi çıxış etməyə hazır olduğunu bildirib”.   
  O qeyd edib ki, ən yaxşı yol diplomatiyadır, əgər Azərbaycan sionist rejim və ABŞ-nin mövcudluğuna uyğun olaraq İran sərhədlərində addımlar atsa, İran mütləq reaksiya verəcək. Xatırladaq ki, “ABŞ-nin mövcudluğu üçün” Ermənistan çalışır və regiona xarici oyunçuları dəvət edən də Ermənistandır. ABŞ-nin hərbi qüvvələrinin hazırda Ermənistanda təlimləri davam etdirdiyini nəzərə alsaq, Heydərinin bu açıqlaması, sadəcə, məntiqdən və siyasi diplomatiyadan kənar həyasızlıqdır.
  
Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a açıqlamasında deyib ki, son dövrlər ABŞ və İran arasında yaxınlaşma müşahidə olunmaqdadır. Deputat vurğulayıb ki, həm əsirlərin mübadiləsində razılığın əldə olunması, həmçinin İranın dondurulmuş vəsaitlərinin geri qaytarılması barədə xəbərlər ortadadır:
"Hər kəsi təəccübləndirən məqam vaxtı ilə aşırı düşmənçilik edən tərəflərin - ABŞ və İranın yaxınlaşmasıdır. Xüsusən Ermənistan məsələsində Tehran və Vaşinqton arasında ortaq mövqe var və hər iki dövlət İrəvana açıq dəstəyini ifadə edir. ABŞ Konqresində Azərbaycan əleyhinə dinləmələrin keçirilməsi və İran tərəfindən Ermənistanın müdafiəsi ilə bağlı növbəti dəfə fikirlərin səsləndirilməsi də bunu göstərir. Ermənistanı dəstəkləyən İran daim Azərbaycanın maraqlarına zidd addımlar atıb. Buna rəğmən, rəsmi Bakı Tehranla münasibətləri normallaşdırmaq niyyətini ortaya qoyub. İrandan da səmimi qarşılıq və qonşuluq münasibətlərinə töhfə vermək əzmi gözləyib. Dəfələrlə vurğulanıb ki, Azərbaycanın İsrail, yaxud başqa dövlətlərlə yaxın əlaqələri heç bir üçüncü ölkəyə qarşı yönəlməyib. Ölkəmizə qarşı ittihamlar səsləndirən İran rəsmiləri ciddi yanılırlar. Azərbaycan və İsrail arasında uzun illərə dayanan dostluq-qardaşlıq əlaqələri mövcuddur. Biz strateji müttəfiqlərik. İran İsraillə əməkdaşlığımızı bəhanə edərək Azərbaycan əleyhinə mövqe sərgiləməməlidir. İran anlamalıdır ki, işğalçı, təcavüzkar Ermənistanı yox, müsəlman qardaşlarının yaşadığı Azərbaycanı dəstəkləməlidir. Ümid edirik, İran bu həqiqəti dərk edəcək".